Şəhid atası: “Mənim yarımçıq qoyduğum işi oğlum tamamladı” – FOTO

Şəhid atası: “Mənim yarımçıq qoyduğum işi oğlum tamamladı” – FOTO

Hazırda oxunan: Şəhid atası: “Mənim yarımçıq qoyduğum işi oğlum tamamladı” – FOTO

273135

Elşən Ağasıyev Vətən müharibəsində Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra “Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” və "İgidliyə görə" medalları ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, Ağasıyev Elşən Ağabala oğlu 1999-cu il sentyabrın 22-də Xaçmaz şəhərində doğulub. Müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanan qəhrəman əsgər düşmənlə savaşa atılan ilk döyüşçülərimizin sırasında yer alıb.
 

“Onunla keçən bütün günlərimizi xatırlayıram. Uşaqlıqda dəcəl, nadinc olmaqla yanaşı, həm də çox mehriban idi. Elşəni dişlərində olan problemə görə hərbi xidmətə aparmırdılar. O isə heç cür bunu qəbul edə bilmirdi. Sonradan dişlərini yondurdu və hərbi xidmətə yollandı. Sentyabrın 22-si onun doğum günüdür. Yanına gedə bilməmişdim. Zəng edib danışdıq. Ona sovqat göndərmək istəyirdim. Bildirdi ki, hərbi hissədə olmurlar, meşəlik ərazidədirlər. Deyirdi: “ana, tələsməyin daha gözəl günlər qeyd edəcəyik”. Yəqin ki, Qələbəni nəzərdə tuturdu. Mən həmin vaxt anlamamışdım. Sonuncu dəfə sentyabrın 30-da danışdıq. Bir gün əvvəl ruh yüksəkliyi ilə söhbət etmişdi. Sizə müjdəli xəbərlərim var deyirdi. Ayın 30-da isə bizimlə halallaşdı. Üç gün sonra isə şəhid oldu. Mən onunla qürur duyuram, fəxr edirəm. O, daim yaşayacaq və həmişə bizimlədir”, - deyə şəhidin anası Zəminə Ağasıyeva söyləyib.



Döyüş yoldaşlarının bildirdiyinə görə, Elşən savaşın ilk günlərində yaralansa da, ön cəbhəni tərk etməyərək, döyüşməyə davam edib.

Elşən Ağasıyev müharibə ağrı-acısından xəbərdar idi. Onun atası Ağabala Ağasıyev də Birinci Qarabağ savaşında dörd il könüllü döyüşüb. Oğlu hərbi xidmətə yollananda atasına bildirib ki, onların yarımçıq qoyduğu işləri tamamlayıb, torpaqlarımızı düşməndən azad edəcək.

“Mən özüm 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanmışam. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilən uğurlu Horadiz əməliyyatında iştirak etmişəm. Həmin vaxt biz döyüş əməliyyatları ilə Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini erməni işğalçılarından azad etdik. Ümumilikdə 4 il cəbhədə olmuşam. Oğlanlarım həmişə məndən döyüş xatirələrimi soruşurdular. Elə oldu ki, vaxt gəldi çatdı və oğlum Elşən Vətən müharibəsində döyüşlərə qatıldı. Beş ayın əsgəri idi. Mənim kimi Elşən də qumbaraatan silahı ilə döyüşürdü. Həmişə çıxışlarımda qeyd edirəm ki, mənim yarımçıq qoyduğum işi, oğlum tamamladı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidin atası Ağabala Ağasıyev söyləyib.

Elşən Ağasıyev Vətən müharibəsinin onuncu günü 21 yaşında şəhidlik zirvəsinə ucalıb. Xaçmaz şəhər qəbiristanlığında dəfn olunub. (AZƏRTAC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO