Təhsilverənlər üçün keçirilən sertifikasiya imtahanı iki, test və müsahibə mərhələsindən ibarətdir. Bildiyimiz kimi, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iki aya yaxındır yekunlaşıb. İyun ayında test imtahanı verərək uğur qazanan müəllimlər onların hələ də müsahibə mərhələsinə dəvət olunmadıqlarını yazırlar.
Dərs ilinin başlamasına isə sayılı günlər qalıb. Artıq məktəblərdə dərs cədvəlləri müəyyənləşib, müəllimlər arasında dərs saatları bölünüb.
Test imtahanından keçən müəllimlər ikinci mərhələnin niyə təşkil olunmadığından narahatlıqlarını bildirirlər.
Bizim.Media sertifikasiya imtahanının müsahibə mərhələsinin nə zaman keçiriləcəyini öyrənmək üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Lakin sorğumuz cavabsız qalıb.
Qeyd edək ki, ötən il də müsahibə mərhələsinin avqust ayında keçiriləcəyi nəzərdə tutulsa da, proses sentyabrın ikinci yarısında baş tutub.
Günay Şahmar, Bizim.Media