Xəbər verdiyimiz kimi, Rusiyada miqrantların izlənməsi ilə bağlı yeni qanun qüvvəyə minib.
Qanuna əsasən, Moskva vilayətində “Amina” adlı mobil tətbiq istifadəyə verilib. Artıq Rusiyaya vizasız daxil olan bütün miqrantlar bu tətbiqi yükləməli, ünvanlarını qeyd etməli və geolokasiyanı aktivləşdirməlidirlər. Tətbiq bütün yerləşmə məlumatlarını DİN-ə ötürəcək. Əgər şəxs üç gün ərzində “yoxa çıxarsa”, onun bank hesabları, SIM-kartı bloklanacaq və deportasiya edilməsi mümkün olacaq.
Görəsən, bu fonda Rusiyadakı soydaşlarımızı nələr gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov öncə qeyd edir ki, bir çoxları “Amina” adlı mobil tətbiqin istifadə edilməsini müəyyən mənada insan hüquqlarının pozulması kimi dəyərləndirir:
“Amma istənilən halda bu, qanunvericiliyin miqrantlar üzərində nəzarətin tətbiq olunması üçün istifadə edilən bir tələb, şərtdir. Miqrantların hərəkətinə nəzarət etmək, qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün Rusiya hökuməti son zamanlar kifayət qədər çoxsaylı yeni qaydalar tətbiq edir, hətta müəyyən məhdudiyyətlər də var. Tətbiq olunan bəzi qaydaları hətta sərtləşdirilmə kimi də dəyərləndirmək olar. “Amina” adlı mobil tətbiqini də bura aid etmək olar”.
Deputat deyir ki, sözügedən addım miqrant axınının istiqamətlərini müəyyən etməyə və ondan irəli gələrək, miqrasiya mənzərəsinin tam şəkildə yaradılmasına xidmət edəcək:
“Rusiya hökuməti öz fikrində qətidir. Ən azından Moskva və Moskva vilayətinə daxil olan və müəyyən müddət burada yaşayan miqrantlar barədə informasiya daim toplanılaraq təhlil ediləcək”.
“Bu qanun gələcəkdə Rusiyanın digər vilayətlərində də tətbiq ediləcək”.
Həmsöhbətimiz qeyd edir ki, Moskva üçün tətbiq edilən həmin layihə pilot layihədir:
“Belə görünür, növbəti mərhələdə layihəni bütün ölkə üzrə tətbiq edəcəklər. Nəticə etibarı ilə Rusiya səviyyəsində miqrant axınları barədə müfəssəl məlumatların toplanması məhz “Amina” adlı mobil tətbiqindən istifadə sayəsində baş verəcək. Böyük ehtimalla gələcəkdə belə də olacaq”.
Sözügedən addımın tətbiqilə Rusiyada işləyən soydaşlarımızı nələrin gözlədiyinə gəldikdə, A. Allahverənov bildirir ki, onlar bu ölkədə uzun müddət yaşamaq niyyətindədirsə, istənilən halda müəyyən olunmuş qaydalara uyğun davranmalıdırlar:
“Prosedurlar nəyi tələb edirsə, ona uyğun olaraq da hərəkət etməlidirlər. Mobil tətbiqin istifadəsilə bağlı göstərilən şərt qrupuna düşənlər mütləq özlərinin müəyyən hərəkət istiqamətləri barədə məlumatların aydiyyatı üzrə toplanmasına maneə törətməməlidirlər. Əks halda onlara qarşı sərt məhdudiyyətlər tətbiq ediləcək.
Miqrantlar istənilən halda qanunun tələbinə uyğun olaraq fəaliyyətini hüquqi cəhətdən təşkil etməlidir. Belə olarsa, soydaşlarımız ölkə ərazisində rahat şəkildə uzun müddət qalmaq imkanı əldə edəcəklər.
Rüfət Sultan, Bizim.Media