Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda körpələrini ölümcül hala salan valideynlərlə bağlı SENSASİON TƏFƏRRÜAT – ÖZƏL/FOTO
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən (SXA) məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.
Qeyd olunub ki, hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub:
"Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək müvafiq körpələr evinə yerləşdiriləcək".
Qeyd edək ki, azyaşlılar dəfələrlə valideynləri tərəfindən fiziki şiddətə məruz qalıb. Hətta körpələrdən birinin fiziki zorakılığa məruz qalması ilə əlaqədar ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, övladlığa götürmə və himayədar ailə" altsisteminə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən müraciət daxil olub.
Həmin müraciət əsasında uşaq Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin qərarı ilə 1 nömrəli Körpələr evinə yerləşdirilib. Daha sonra körpənin anası Sevinc Rəhimova uşağı himayəsinə qaytarmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 11.06.2025-ci il tarixli qətnaməsində azyaşlının anasının himayəsinə verilməsinə qərar verib və uşaq anasının himayəsinə qaytarılıb.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən, azyaşlının atası saxlanılıb.
Alçina Amilqızı, Bizim.Media