Son günlər ictimai müzakirəyə çıxarılan məsələlərdən biri də gənclərin xaricdə təhsilə üz tutmasının səbəbləridir. Millət vəkili Ceyhun Məmmədov bildirib ki, abituriyentlərin bir qisminin ölkəni tərk etməsinin arxasında əsasən hərbi xidmətdən yayınmaq niyyəti dayanır.
Onun sözlərinə görə, bu tendensiya getdikcə daha da güclənir və hətta əsgərlik yaşının 21-ə qaldırılması ilə bağlı təkliflərin də gündəmə gəlməsi təsadüfi deyil.
Lakin deputat Razi Nurullayev həmkarının bu yanaşması ilə qəti şəkildə razılaşmadığını bildirib.
O, Bizim.Media-ya açıqlamasında qeyd edib ki, sözügedən fikirlər Azərbaycan gənclərinin nüfuzuna kölgə salır və heç bir əsasa söykənmir:
“Əsgərlik yaşının 21-ə qaldırılmasını qəbul etmirəm. Həmçinin gənclərin xaricdə təhsili hərbi xidmətdən yayınmaq kimi təqdim olunmasını da əsassız sayıram. Azərbaycan heç bir ölkə ilə müharibə vəziyyətində deyil. Ermənistanla sülh müqaviləsi imzalanıb, Rusiya ilə də münasibətlər düzələcək.
Azərbaycan oğulları 44 günlük Vətən müharibəsində necə mərd olduqlarını sübut etdilər. Həmin vaxt əhalinin böyük əksəriyyəti könüllü olaraq döyüşə yazılmışdı. Ona görə də kimsənin bu gün əsgərlikdən yayınmaq üçün xaricə getməsi inandırıcı deyil. Mən bunu Azərbaycan gənclərinə yaraşdırmıram”, - deyə o bildirib.
Aygün Hüseyn, Bizim.Media