Bədəndə suyun çatışmazlığı stresi gücləndirir və sağlamlığa zərər vura bilər.
Bizim.Media xəbər verir ki, Liverpulun Con Murs Universitetinin alimləri müəyyən ediblər ki, qida rasionunda suyun azlığı stresi artırır və ciddi xəstəliklərin riskini yüksəldə bilər.
Araşdırma göstərib ki, gündəlik normadan az su içən insanlarda gərgin situasiyalarda stress hormonu olan kortizolun səviyyəsi xeyli yüksək olub.
Eksperiment 32 könüllü üzərində aparılıb. İştirakçıların yarısına gündəlik maye qəbulunu 1,5 litrlə məhdudlaşdırıblar, digər qrup isə norma çərçivəsində su içib. Orqanizmin hidratasiya səviyyəsi sidik və qan analizləri ilə izlənib. Daha sonra könüllülər stres-testdən keçiblər: onlara improvizə edilmiş müsahibəyə hazırlaşmaq üçün cəmi 10 dəqiqə vaxt verilib və sonra şifahi hesab tapşırığı yerinə yetirilib.
Nəticələr göstərib ki, az su içənlərdə kortizolun səviyyəsi kifayət qədər su içənlərlə müqayisədə daha çox artıb. Bununla belə, hər iki qrupda narahatlıq hissi və ürək döyüntüsünün sürətlənməsi subyektiv olaraq eyni dərəcədə müşahidə olunub.
Müəlliflərin qeyd etdiyinə görə, hətta yüngül susuzlaşma da orqanizmin stressə reaksiyasını gücləndirə bilər. Onların fikrincə, mühüm görüş və ya çıxışlar öncəsi yanınızda su şüşəsi saxlamaq faydalı vərdiş ola bilər.
Qeyd edək ki, kortizol orqanizmin əsas stress hormonu hesab olunur. Onun xroniki yüksəlməsi hipertenziya, II tip şəkərli diabet, piylənmə, ürək-damar xəstəlikləri, həmçinin depressiya və narahatlıq pozuntuları ilə əlaqələndirilir.
Böyüklərə gündə 1,5–2 litr maye qəbul etmək tövsiyə olunur, lakin isti havada, yüksək fiziki aktivlik zamanı və ya xəstəlik hallarında bu tələbat arta bilər. Alimlər gələcəkdə araşdırmanı davam etdirərək, suyun qəbulunu artırmağın gündəlik streslərə – məsələn, tıxaclara və ya iş prezentasiyalarına – orqanizmin reaksiyasını azaldıb-azaltmadığını öyrənməyi planlaşdırırlar.
Bizim.Media