MN-nin sabiq xidmət rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur

MN-nin sabiq xidmət rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur

Hazırda oxunan: MN-nin sabiq xidmət rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur

266364

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
 

İttihama görə, Namiq Mirzəyev Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbi hissələrdə maliyyə xidmət rəisi və digər vəzifələrdə çalışarkən hərbi qulluqçulara, eləcə də hərbi hissədə müxtəlif təyinatlarla ayrılmış pulları mənimsəyib.


O, hərbi hissənin maliyyə sənədlərinə yalan məlumatlar daxil edərək, Goranboy və Kəlbəcərdə yerləşən hərbi hissələrdə işlədiyi hərbi hissələrdə xüsusilə külli miqdarda pul vəsaitini mənimsəməkdə təqsirləndirilib.

Namiq Mirzəyev sözügedən ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki: "İstintaq materiallarında qeyd edilən məbləğlər yoxlama aparan şəxslərin müəyyən etdiyi məbləğlərlə hesablanıb. Birinci hərbi hissədə göstərilən məbləğlə razıyam, lakin ikinci hərbi hissədə mənimsənildiyi iddia edilən məbləğlə qismən razıyam".
 

Dövlət ittihamçısı təqsirləndirilən şəxsdən bu qədər məbləği hara xərclədiyini soruşub, eləcə də o bildirib ki, dövlətə dəymiş ziyanın ödənilməsinə yönəltmək üçün təqsirləndirilən şəxsin hər hansı bir mülkü yoxdur.


Təqsirləndirilən Namiq Mirzəyev cavabında deyib ki, o, ittihamda göstərilən məbləğin razılaşdığı hissəsini şəxsi ehtiyacları üçün xərcləyib. Bu pula hər hansı bir mülk almayıb.

İttihamda qeyd edilən məbləğləri topladıqda Namiq Mirzəyevin mənimsəməkdə təqsirləndirildiyi məbləğ 6 milyon manatdan çox edir. O, prosesdə bildirib ki, bu məbləğin cəmi 43 min 800 manatını dövlət büdcəsinə qaytarıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, səhhətində problem olduğu üçün əməliyyat olunmalıdır.

Müttəhim ödənilən məbləğin az olmasını həbsdə olmağı və səhhəti ilə əlaqəndirib. O deyib ki, qalan məbləği də dövlət büdcəsinə qaytarmağa çalışır.

Proses şahidlərin ifadələri ilə yekunlaşıb. Bildirilib ki, növbəti iclasa daha 4 şahid də çağırılacaq. Məhkəmənin növbəti iclası avqustun 27-nə təyin edilib.
 

Qeyd edək ki, DTX-nin həyata keçirdiyi əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində 2023-2024-cü illərdə xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsədiyi məlum olub.


N.Mirzəyev Müdafiə Nazirliyindəki mənimsəməyə görə həbs edilmiş Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində DTX-də başlanılmış cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO