İş seçərkən adətən maaşa, rahatlığa baxırıq. Amma çox az adam işin onun səhhətinə, psixologiyasına necə zərbə vurduğunu, bununla da ömrünün qısalda biləcəyini nəzərə alır.
Halbuki bəzi peşələr sahibinə yalnız dolanışıq yox, həm də xəstəlik “hədiyyə” edir.
Statistik məlumatlar göstərir ki, fiziki təhlükəsi yüksək olan peşələr – fəhlələr, mədənçilər, yanğınsöndürənlər, balıqçılar daha böyük risk altındadırlar.
ABŞ statistikalarına görə, dam ustaları siyahının ilk sırasında qərarlaşıb: bu sahədə ölüm riski adi işlərdən 10 dəfə yüksəkdir.
Yeri gəlmişkən ötən il Azərbaycanda istehsalatda bədbəxt hadisələr zamanı ölən və əmək qabiliyyətini itirən şəxslərin sayı 747 nəfər təşkil edib. Onlardan 66 nəfəri mədənçıxarma sənayesində, 110-u emal sənayesində, 159-u tikintidə zərərçəkənlərdir.
Bunun əsas səbəbi məlumdur ki, iş zamanı baş verən qəzalardır – hündürlükdən yıxılma, ağır texnika ilə işləyərkən yaralanma və ya ekstremal hava şəraitində fəaliyyət və s.
Kimya sənayesində işləyənlər, laboratoriya işçiləri, təmizlikçilır isə qəfil deyil, tədricən ölürlər: ölüm illərlə yığılan kimyəvi maddələrdən qaynaqlanır.
Adamı içdən “çürüdən” peşələr sırasında polis, həkimlik, müəllimlik öndə gəlir. Gərgin, həssas sahənin insanları psixoloji basqıya dözə bilmirlər.
Sənət, media və idman sahəsində çalışanları isə “Allah öldürmür”, özləri özlərinə qənim kəsilir. Stress, qeyri-sabit gəlir, ictimai qınaq və şöhrət uğrunda yarış onlardan bir çoxunun həyatını intiharla sonlandırır.
Maraq üçün bildirək ki, alimlər, tədqiqatçılar və idarəetmə işlərində çalışanlar “Fələyin övladları”dır, yəni onlar yaxanı hələm-hələm Əzrayıla verrmirlər.
Şəfiqə Şəfa, Bizim Media