Ölkəmizin dilbər guşələrindən olan, səliqə-sahmanı ilə göz oxşayan Zaqatala şəhərində bəzən neqativ hallar sakinlərin haqlı narazılığına səbəb olur.
Bizim.Media-nın yerli bürosuna müraciət edən sakinlər şəhərin mərkəzi küçələrindən birində səkinin çökdüyünü və uzun müddətdir düzəldilmədiyini bildiriblər.
“Bura Zaqatala şəhəri, Azərbaycan prospekti 98 ünvanıdır. Səki çöküb, düzəldən yoxdur.” deyə bildirən sakinlər daha bir narahatedici məqamı da bizimlə bölüşür. Belə ki, səkilərdən birində lyukların qapaqlarının olmaması faktı göstərilir və bu narahatlıqla qarşılanıb. Yeri gəlmişkən, bu fakt ən qorxulu və təhlükəli məqamlardan biridir.
Qeyd edək ki, sakinlərin narazılığına səbəb olan problem Azərbaycan prospektindədir. Bu prospekt sakinlərin ən çox istifadə etdiyi səkilərdən biridir. Əsasən axşam və gecə saatlarında bu ərazilərdən istifadə edənlər üçün bu hal daha təhlükəli hesab edilir və fəsadlara yol aça bilər.
Sakinlərin sözlərinə görə, səkilərdən azyaşlılar velospedlə keçir və gəzintiyə çıxır, oynayırlar.
Buna görə də, məsələnin xeyli müddətdir nəzarətsiz qalması onları ciddi narahat edir.
Məsələ ilə əalqədar şəhər nümayəndəliyindən bildirilib ki, ərazidə abadlıq - tikinti işləri aparılıb:
“Lakin yaz-yay aylarında yağan yağışlar nəticəsində su arxları dolaraq bir sıra yerlərdə fəsadlar yaradıb. Səkilərin bir neçə yerində lyukların olmaması məsələsinə gəlincə, bu məsələ də araşdırılır”.
Nümayəndəlikdən bildirilib ki, qarşıdakı aylarda müvafiq qaydada çökən səkilərin bərpası həyata keçiriləcək. Eyni zamanda lüklər yeni qapaqlarla təmin olunacaq.
Tural Rasimoğliu, Bizim.Media, Şimal-qərb bürosu