Bu gün Bakının mərkəzində yerləşən “Four Seasons” otelində Milli Məclisin deputatı Ramil Həsən və Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında mübahisə yaşanıb.
Mübahisə zamanı lentə alınan görüntülər isə mətbuat vasitəsilə yayılıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili bildirib ki, bu cür addımlara görə Muxtar Mustafayev qanun çərçivəsində cavab verəcək. Çünki vətəndaşın icazəsi olmadan onun videogörüntüsü lentə alına bilməz.
“Gizli videoçəkiliş vətəndaşların hüqüq və azadlıqlarına qarşı sui-istifadə bəzi şəxslərin əlində alətə çevrilib. Bundan başqa burada məqsəd qanun çərçivəsində baş tutan görüşdə təxribat törətmək cəhdləri idi.
Görüntüyə baxsaz görərsiniz ki, mənim ifadə etdiyim hər bir fikir qanun çərçivəsində öz hüquqlarımı qorumaq üçün idi. Bu görüntülərin gizli şəkildə mediaya ötürülməsi də işin içində çirkli oyunların olmasını göstərir.
Muxtar Mustafayevin mənə və ailəmə qarşı oynadığı bu iyrənc oyunlarına görə, mən ilk iş günündə qanun çərçivəsində hüquq mühafizə orqanlarına müraciət edəcəm. Əminəm ki, hüquq mühafizə orqanları buna qarşı lazım olan addımları atacaqlar”.
Qeyd edək ki, mübahisəyə səbəb Moldova mənşəli İngilis iş adamı Almari Vael Süleymanın deputat Ramil Həsənlə yaşanan məhkəmə prosesi olub.
Vüsalə Balayeva, Bizim.Media