Rusiya KİV-ləri hansı mövqedədir?

Rusiya KİV-ləri hansı mövqedədir?

Hazırda oxunan: Rusiya KİV-ləri hansı mövqedədir?

2643

İkinci Qarabağ Savaşının nəticələri regionda və qlobal miqyasda ciddi geosiyasi və ideoloji dəyişikliklərə təkan verməkdədir. Rusiya və Avropanın aparıcı media orqanları analitik yazılar dərc edirlər, müxtəlif ekspertlər proqnozlar verirlər.

Bizim üçün Rusiya KİV-nin hansı mövqe tutduğu daha maraqlıdır.

Səbəbləri məlumdur, onları təkrarlamağa ehtiyac yoxdur. Bəs ilkin təəssürat necədir?

Rusiya KİV-nin Azərbaycana və Türkiyəyə münasibətində bir dəyişiklik müşahidə edilirmi?

Noyabrın 10-dan bu yana şimal qonşumuzun KİV orqanlarında Qarabağla bağlı yer alan fikirlərin səthi monitorinqi belə göstərir ki, bütövlükdə elə bir mövqe dəyişikliyi yoxdur.Əksinə, onlar Azərbaycan-Türkiyə tandeminin hərb meydanında, siyasətdə və diplomatiyada əldə etdiyi uğurlara isterik səviyyədə və əksər hallarda məntiqsiz reaksiya verirlər.

Təbii ki, söhbət bütün Rusiya KİV-dən getmir.

Eyni zamanda, rəsmi Moskvanın mövqeyini vurğuladığımız KİV orqanları doğru ifadə etmirlər. Bizim üçün maraqlı olan məqamlardan biri də bundan ibarətdir.

V.Putinin mövqeyi daha təmkinlidir.

Ancaq Rusiyada elə KİV orqanları var ki, bunu da etiraf etmək istəmirlər.

Gəlin, faktlar üzrə və sıra ilə həmin məsələyə nəzər salaq.

Telejurnalist Vladimir Solovyovu indi Azərbaycanda da çoxları tanıyır. Bu adam Ukrayna və Azərbaycana qarşı tutduğu xüsusi şovinist mövqeyi ilə seçilir. Bunu sırf ermənipərəst mövqeyinin fonunda edir. Azərbaycan seyrçilərinin xatirindədir ki, V.Solovyovun verilişində erməni ekspert Gevorq Mirzayan azərbaycanlı jurnalist Fuad Abbasovu təhqir edən ifadələr işlətmişdi və ona Solovyov “gözün üstə qaşın var” demədi.

Hazırda Azərbaycanın İkinci Qarabağ Savaşında qalib olmasını ləkələmək üçün əlindən gələni edir.

G.Mirzayan da sakit deyil. Məsələn, onun “Vzqlyad” nəşrində verilən bir məqaləsində Azərbaycan və Türkiyəyə qarşı haqsız və əsassız ittihamlar irəli sürülüb

Orada Azərbaycanın hərbi və diplomatik uğuru təhrif olunur və yaranmış vəziyyət tam olaraq Rusiya şovinist dairələrinin maraqları aspektində təqdim edilir.

Onu deyək ki, Rusiya KİV-də bu cür mövqe üstünlük təşkil edir.

Bu sırada erməni Semyon Baqdasarovun kanalları və ora dəvət edilən “ekspertlərin dahiyanə analizləri, proqnozları” da vurğulanmalıdır. Onların hamısı haqsız, ədalətsiz və antiazərbaycan mövqeyi tuturlar.

Bu bağlılıqda erməni əsilli Rusiya media maqnatı Aram Qabrelyanovun “WarGonza”sı xüsusi canfəşanlıq göstərməkdədir. O, Zəngəzurdandır, sonradan Dərbəndə köçüblər. Yəni həyatı türklərlə bağlı olub. Ancaq indi mediamaqnat kimi sırf antitürk və şovinist mövqedədir. A.Qabrelyanovun “məşhur Peqov”u indi həqiqi Rusiya jurnalistlərinin lətifə mövzusuna çevrilib.  

“Sputnik” bunlardan geri qalmır.

Əslində neytral olmalı olan və bütün MDB məkanının maraqlarına xidmət etməli olan bu media vasitəsi sırf şovinist erməni mövqeyindədir. Sovetlər dönəmində olduğu kimi, ermənilər Rusiyanın informasiya potensialından öz ultramillətçi və haqsız maraqları üçün maksimum dərəcədə “Sputnik Armenia” da istifadə etməyə çalışırlar. Yenə də sovet ənənəsinə uyğun olaraq “Sputnik Azərbaycan” neytral mövqe tutur və hətta bəzi hallarda onun anti Azərbaycan meyli hiss edilir. Görünür, Azərbaycanda tarixdən dərs çıxara bilməyənlər az deyil.

Daha maraqlısı və düşündürücüsü...

Bir sıra rəsmi Rusiya KİV orqanı da birtərəfli və qərəzli mövqe tutmaqdadırlar. Məsələn, “Ria Novosti”, “Pervıy kanal”, “Rossiya 24” və başqaları.

“Perviy kanal” da rəsmi məlumatlar birtərəfli izah edilir. 

Alt yazılarda isə “Xankəndi” deyil, “Stepanakert” yazırlar. Bu, rəsmi Moskvanın mövqeyinə tam ziddir. Çünki Rusiya Qarabağı Azərbaycan ərazisi hesab edirsə, oradakı yaşayış məntəqələrinin adlarını da Azərbaycanda yazıldığı kimi qəbul etməlidirlər. Bunlar “Stepanakerti” elə yazırlar ki, guya ora hələ də ya Ermənistana, ya da Sovetlərə məxsusdur.

Bunun fonunda Ermənistanın Gəncə və Bərdə terroru ilə səthi informasiya verir və əvəzində Azərbaycanın Xankəndində (onların termini ilə Stepanakertdə) mülki əhalini bombardman etdiyini gəvəzələyirlər.

Bu, artıq Rusiya üçün vasitəçi kimi neytral qalmalı olduğu prinsipini informasiya məkanında çeynəmək deməkdir.

Bu baxımdan “Regnum”un ayrıca rolunun olduğunu da unutmayaq. Bu media orqanı yalançı ekspertlər vasitəsi ilə Türkiyə və Azərbaycana atmadığı böhtan qalmadı.

Rusiya KİV-də İkinci Qarabağ Savaşına bu münasibəti necə ümumiləşdirə bilərik?

Belə görünür ki, rusiyalı jurnalistlər jurnalist etikasını unudurlar. Buna səbəb onların ənənəvi antiazərbaycan mövqedə olmasıdır. Digər məqam Türkiyənin artıq Qafqazda real güc olmasını Rusiya media dairələrindəki ermənilər heç cür qəbul edə bilməmələri ilə bağlıdır. Bu səbəbdən onlar istənilən böhtanı atmağa və qərəzi göstərməyə hazırdırlar.

Təbii ki, burada Azərbaycanın müstəqil siyasət yeritməsi və ciddi uğurlar qazanmasını da götürməyənlər rol oynayırlar. Savaş göstərdi ki, Azərbaycan yalnız iqtisadi, siyasi, diplomatik və mədəni deyil, hərbi olaraq da regionda real gücə çevrilib. Azərbaycan ordusunun uğurlarından bütün dünya KİV-i heyranlıqla yazır.

Görünür, Rusiyada bunu qəbul edə bilməyənlərin sayı az deyil.

Lakin... Kreml daha ağıllı və təmkinli görünür. Vladimir Putin Türkiyə və Azərbaycnla daha geniş əməkdaşlığı onlara qarşı durmaqdan üstün tutur. Belə ki, rusiyalı jurnalistlər öncə öz prezidentlərinin siyasətini obyektiv dərk etməyə çalışsalar daha yaxşı olardı.

Bunun əvəzində, Azərbaycan və Türkiyəyə “sən kimsən” məntiqi ilə yanaşmağın onları “peşə məbədi”nə aparmadığına tam əminik!

Anar Tahirov, Baş Redaktor 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO