Özünü qurban hesab edən insanlar həyatın qara zolağından yaxa qurtarmaq istəyir. Amma onların əksəriyyəti özlərini, yaşam tərzlərini dəyişmək fikrindən uzaqdırlar. Belə insanlar hər şeyi birdən əldə etməyi arzulayırlar.
Bizim.Media xəbər verir ki, həmin adamlar bunu reallaşdırmağı cadugər xidmətlərindən istifadədə görürlər. Düşünürlər ki, pulunu ödədin və bütün arzuların çin olacaq.
MÖVZU İLƏ BAĞLI:
Falçı Səmayənin vəzifəli MÜŞTƏRİLƏRİ – “Şəkil verdi ki, cadu elə, qoy arvadı ölsün”
Cadugərlərin işinə yarayan müştəri duyğuları...
Falçılar insan psixologiyasından məlumatlı şəxslərdir. Onlar insanların hissləri ilə oynamağı bacarırlar. Ən asan istifadə etdikləri duyğu isə qorxudur. Çünki bu vəziyyətdə olan adam falçı aşılamalarına asan təslim olur. Təşviş halında olanlara elə gəlir ki, onun dediklərinə qarşı çıxan hər kəs ona pislik etmək istəyir. Və xilası yalnız “xeyirxah cadugər”də axtarırlar.
Cadugərlərin manipulyasiyasına yardımçı olan digər insan emosiyası özünü sevməkdir. Bu simptomla ən çox müraciət edənlər isə qızlardır. Məqsədləri ya ürəklərini qıran oğlandan qisas almaq. Ya da onu yeni sevgilisi ilə ayırıb özünə qaytarmaqdır.
Falçı tələsindən qorunmağın yolları...
Əvvəlcə deyək ki, cadu, bəd nəzər və başqa tələlər insanın psixoloji durumu ilə bağlıdır. Caduya daha çox inanan insanlar tez-tez küsdürülüb və təhqir olunub. Lənətə inananlar isə kiminsə sözlərinin onun uğuruna təsir imkanlarını mümkün sayanlardır.
Falçı tələlərindən qorunmağın ən asan yolu özünüzün uşaqlıq psixoloji zədələriniz üzərində çalışmaqdır. Bundan başqa, həyatınızdakı stresin uzun davam etməsinə imkan vermək olmaz.
Əgər keçmişə aid psixoloji travmaları araşdırmaq gücündə deyilsinizsə, psixoterapevtə müraciət edin. Yox, təkbaşına mübarizə metodunu seçdiyiniz halda sizi narahat edən məsələlərə dərk edərək baxın. Neqativ duyğuların hansı insanla əlaqədar olduğunu xatırlayın və boş stul texnikasından yararlanın. Oturun və təsəvvür edin ki, həmin adam qarşınızdadır.
Danışın. Sonra onun yerinə keçin və öz suallarınıza cavab verməyə çalışın. Ardınca xəyalən həmin adamı azad buraxın və rahatlaşacaqsınız.
Qorxuya qarşı ən yaxşı mübarizə metodları çəkindiyiniz nələrisə etməyinizdir. Utancaq insansızınızsa, dost məclislərində sağlıq deməklə başlaya bilərsiniz.
Hər bir uğursuzluğu emosiyasız analiz etmək lazımdır. O zaman harada səhv buraxdığınızı tez biləcək və düzəldəcəksiniz. Soyuq başla vəziyyətdən çıxış yolu tapacaqsınız.
Unutmayın ki, güclü şəxsiyyətlər problemlərini öz üzərində işləməklə təkbaşına həll edirlər.
Nəyinsə həllini hansısa varlıqlardan gözləmir, öz talelərini özləri qururlar.
Sən də onlardan birinə çevrilə bilərsən...
Bizim.Media