Müasir dövrdə sosial təbliğatın çoxalması nəticəsində bəzi istəklər, vərdişlər trend halına düşərək, bir növ dəbə çevrilir. Müasir gənclər isə bu trendin arxasıyca sürüklənərək öz istəklərini nəzərə almayaraq kor-koranə o yolun yolçusu olur. Bu gün araşdıracağımız mövzu son halların dəbinə çevrilən vegeterianlıqdır.
Bəs, vegeterianlıq nədir və bu fəlsəfi düşüncə nəyə xidmət edir?
Əslində vegeterianlıq sözünün mənası latınca tərcümədə “sağlam, gümrah, möhkəm”deməkdir. Bu zaman insanlar canlı heyvan ətindən imtina edərək, yalnız meyvə-tərəvəz və digər qidalara üstünlük verirlər. Bu həm də fəlsəfi və mənəvi cəhəddən harmonik həyat tərzidir.
Qədim zamanlarda vegeterianlığın ilk izləri Hindistanda kahinlər arasında yayılıb. Daha sonra qədim yunanıstanda bir qrup insan vegeterianlığı dəstəkləyib. Tarixdə iz buraxan bəzi məşhur simalar - Pifaqor, Sokrat, Platon, Leanardo Da Vinçi, İsaak Nyuton, Bencamin Franklin, Lev Tolstoy, Bernard Şou, Rabindranat Taqor, Albert Eynşteyn də bu yolun yolçusu olub.
İlk növbədə qeyd edək ki, vegeterianlıq və vegan anlayışı fərqli şeylərdir. Bu sahədə bir neçə yerə bölünür.
Bəziləri ancaq ətdən imtina edib, yumurta süd kimi məhsullarla qidalana bilirlər.
Veganlar isə heyvanlara aid olan bütün məhsullardan imtina edirlər ( ət, yumurta, süd və süd məshulları).
Lakin mütəxəssislərin fikrincə, təbii zülal qaynağı olan heyvan ətlərindən imtina etmək insan orqanizmi üçün təhlükə mənbəyi olduğunu bildirirlər. Çünki insan orqanizminin gündəlik zülala olan təlabatı 80-100 mq-dır. Bunu isə bitki mənşəli qidalardan almaq demək olar ki, mümkünsüzdür. Ancaq dietoloqlar qeyd edir ki, bir insan əgər özü üçün vegeterianlığı həyat tərzi seçirsə mütləq bunun dərinliklərinə varıb, bu elmi daha dərindən öyrənməlidirlər. Heyvani zülallardan imtina edənlər, mütləq bu təlabatı bitki mənşəli qidalardan almağı bacarmalıdırlar.
Bu onların sağlamlığı üçün çox vacibdir.
Cavan qalmaq dərdi
Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür qidalanma ciddi bir xəstəlik yaratmasa da insan orqanizmasında zəiflik yaradır.
“Bitkilər də müəyyən zülallar olsa da bu orqanizmin zülala olan təlabatı ödəmək üçün kifayət qədər deyil. Yağlar, karbohidratlar bədənin qurucu sistemidir.
Bunlar orqanizmə daxil olmasa mərkəzi sinir sisteminin inkişafınə zəiflədir və əzələ-iskelet sistemində müəyyən problemlər yaradır. Vegeterian qidalanmada lazımı səviyyədə əzələlər zülalla təmin edilmir. Bu digər daxili orqanlarına da təsir edir”.
Həkim bildirir ki, bəzən insanlar bu qidalanmanın onları sağlam və cavan tutacağını düşünürlər. O, bunun tamamilə yanlış olduğunu qeyd edib.
“Cavan qalmaq üçün ilk növbədə mədə-bağırsaq sistemini sağlam saxlamaq lazımdır. Elə qidalar istifadə etmək lazımdır ki, həmin qidalar bağırsaq sistemində ağırlıq yaratmasın. Elə bitkilər var ki, bağırsaqlarda ətdən daha çox ağırlıq yaradır”.
Bəs, bu cür həyat tərzi insan psixologiyasına necə təsir edir?
Psixoloq Taryel Faziloğlu qeyd edir ki, vegeterianlıq orqanizmi zəiflətdiyi üçün insanlarda psixoloji problemlərin yaranma riskini artırır.
“Orqanizmin güclü olması üçün bizim düzgün qidalanmağa ehtiyacımız var. Düzgün qidalanmamaq həm də sinir sisteminə güclü təsir edir. Bu isə insanlarda psixoloji xəstəliklərin yaranma riskini artırır. İnsanlar bir neçə səbəbdən vegeterian olmağı seçə bilərlər. Bəzi hallarda bu uşaqlıq travmaları da ola bilir. Misal üçün uşaq vaxtı hər hansısa heyvanı onun gözü qabağında kəsiblərsə bu travma olaraq onda qala bilər”.
Dinə görə vegeterianlıq günahdır?
Din xadimi Elşad Miri isə vegeterian həyat tərzinin dində günah sayılmadığını deyir.
“İslamda vegeterianlıq haqqında heç bir qadağa yoxdur. Sağlam qalmaq və yaxud heyvanları qorumaq məqsədi ilə həmin qidalardan imtina etmək olar.
Vegeterian insanlar həmin qidaları özlərinə haram etmədikləri müddətə qədər bu günah sayılmır. “Qurani - Kərim”in 66-cı surəsinin 1-ci ayəsində buyrulur ki, “Allahın sənə halal qıldığını niyə özünə haram buyuyrursan?” Yox əgər onlar həmin qidaları özlərinə haram hesab etsələr bu artıq doğru sayılmayacaq ”.
Aliyə İlyas, Bizim.Media