Son günlər havaların kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq "Azəristiliktəchizat” ASC balansında olan qazanxanalar və istilik məntəqələrinin hələ bir neçə gün çalışacağı ilə bağlı məlumat yayıb. Buna baxmayaraq, Yevlax rayonunda yerləşən əlil və şəhid ailələrinə məxsus binada istilik verilməsi dayandırılıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna şəhid ailəsi Xəyalə Bayramova məlumat verib.
Onun sözlərinə görə, evdə iki azyaşlı xəstə körpələri var və mənzildə heç bir istilik sisteminin olmaması onları çox narahat edir.
"Biz birinci mərtəbədə yaşayırıq. Evimiz hədsiz soyuqdur. Bu gün rəhbərliyin istiliyin kəsilməməsi üçün tapşırığı olmasına baxmayaraq, burada kombi sistemi söndürülüb. Çöldə dəhşətli yağış yağır. Hava çox soyuqdur. Mənim evdə əkiz azyaşlı övladlarım var. Hər ikisi də naxoşdur. Artıq bir neçə saatdır ki, evin soyuq olması səbəbindən hərarətləri yenidən qalxıb. Belə davam etsə uşaqlar xəstəxanalıq olacaqlar. Bu binada təkcə bizim deyil, demək olar ki, hər evdə körpə var”.
Məsələ ilə bağlı "Azəristiliktəchizat " ASC mətbuat katibi Elvin Basqallı ilə əlaqə yaratdıq. O, məsələnin həlli üçün lazımi tədbirlərin görüləcəyini qeyd edib.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu