Bildiyimiz kimi, qanun pozuntularına, müxtəlif cinayətlərə qarşı müəyyən tədbirlər nəzərdə tutulur. Bunların arasında ən çox müşahidə olunan isə cərimələr və azadlıqdan məhrumetmə cəzalarıdır.
Ancaq Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bəzi hüquqi norma pozuntularını törədən şəxslər ictimai işlər cəzasına məhkum olur və yaxud ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilir.
İctimai iş dedikdə isə kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi, parkların, meydanların, yolların abadlaşdırılması və təmizlənməsi kimi işlər nəzərdə tutulur.
Ancaq vətəndaşların bir çoxu bu tədbirlərdən xəbərsizdirlər. Çünki cəza tədbiri dedikdə ağıla ilk olaraq ya cərimə, ya da azadlıqdan məhrumetmə gəlir.
Bunun səbəbi nədir? İctimai işə cəlb olunma halları artırılmalıdırmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Şamil Paşayevin fikrinə görə qanunvericilikdə ictimai işə cəlb olunma tədbirləri çox olsa da, tətbiqi azdır.
MÖVZU İLƏ BAĞLI:
Bakı sakini yerə siqaret atdı, 300 manat CƏRİMƏLƏNDİ
“Məhkəmələrimizdə bu ənənə formalaşmayıb”.
“İctimai İşlər həm Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh kimi bir çox maddənin sanksiya hissəsində nəzərdə tutulub. Ancaq bu tədbirlər az tətbiq olunur. Çünki məhkəmələrimizdə bu ənənə formalaşmayıb. Məhkəmələr bu ənənəni çox az halda həyata keçirirlər. Bu, hakimlərin, məhkəmənin təşəbbüsündən irəli gəlir, sadəcə az tətbiq edilir. Cəza deyəndə insanların ağlına ilk olaraq azadlıqdan məhrumetmə, izolyasiya edilmə gəlir. Bu, hüquq-mühafizə orqanlarına, məhkəməyə də təsir edir” - deyə müsahibimiz bildirib.
Hüquqşünas sonda vurğulayır ki, ictimai işlərə cəlb olunma dünya praktikasında geniş tətbiq olunur. Burada məqsəd ictimai cinayət törədən şəxsin ictimaiyyətin xeyrinə nələrsə etməsidir.
Nəzrin Mirzəyeva, Bizim.Media