Şirvan Apellyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən Tahir Qarabalayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 4 aprel 2024-cü il tarixdə Biləsuvar rayonu ərazisində yerləşən fermaların birində qeydə alınıb.
Belə ki, Tahir Qarabalayev telefonda tanış olduğu, zərərçəkmiş Zəminə Səmədovanı (şərti) iki xırda buynuzlu mal-qara müqabilində cinsi əlaqədə olmaq üçün özünə məxsus otlaq kimi istifadə edilən torpaq sahəsindəki tikiliyə gətirib. Həmin vaxt Zəminə ora öz rəfiqəsi, zərərçəkmiş Gülnarə İsayevanı (şərti) da gətirib. Onlar yeyib-içdikdən sonra Tahirin dostu M.M. (şərti) Zəminə ilə mübahisə edib. Gülnarə isə boyunbağı və digər əşyalarının itdiyini bildirib. Sonra Tahir və qadınlar arasında mübahisə yaranıb. Bu zaman Tahir sağ ayağı ilə Gülnarənin qarın nahiyəsinə və ayağına qəsdən təpiklə bir neçə zərbələr endirib. Daha sonra o, hər iki qadının içərisində olduğu tikilinin qapısını çöl tərəfindən qıfılla kilidləyib. Eyni zamanda Tahir fermada saxladığı itləri tikilinin ətrafına buraxaraq zərərçəkmişlərin həyatı və sağlamlıqları üçün təhlükəli zor tətbiq edib, saat 13:40-dan 15:35-dək orada qanunsuz saxlayıb.
Hadisədən sonra qadınlar hüquq-mühafizə orqanlarına müraciət edib və Tahir Qarabalayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)
Bizim.Media