152 illik tarixi olan teatrlarımızın hazırkı durumu necədir? – SORĞU

152 illik tarixi olan teatrlarımızın hazırkı durumu necədir? – SORĞU

Hazırda oxunan: 152 illik tarixi olan teatrlarımızın hazırkı durumu necədir? – SORĞU

238612

Teatr cəmiyyətin eyiblərinə güzgü tutur deyirlər. O güzgüdə ancaq müsbət qəhrəman görmək üçün öncə özün və təmsil etdiyin cəmiyyətin səhvləri ilə üz-üzə qalmağı bacarmalısan. Bunun üçünsə, aynaya baxmaq, teatra getmək lazımdır.

Azərbaycanda da teatr elə bu məqsədlə yarandı. Düz 152 il öncə…

Bu gün Azərbaycanda Milli Teatr Günüdür

Ölkəmizdə 1873-cü ilə qədərki dövrdə xalq arasında müxtəlif meydan, bayram tamaşaları və dini mövzulu tamaşalar yayılmışdı. Hətta XVII əsrin ikinci yarısında İrəvanda üç hissəli tamaşa göstərilmişdi. 1848-ci ildə Şuşada, 1858-ci ildə Şamaxıda yığıncaqlar keçirmək üçün lojaları, salonları, səhnələri olan binalar da tikilmişdi. Lakin 1873-cü ilin mart və aprel aylarında Bakıda Mirzə Fətəli Axundzadənin komediyaları səhnəyə qoyulanadək peşəkar tamaşa nümayiş olunmamışdı.

1873-cü il martın 10-da Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib.

Azərbaycanda peşəkar milli teatrın yaranması bu tarixdən hesablanır və uzun illər 10 mart teatr ictimaiyyəti tərəfindən peşə bayramı kimi qeyd olunub. Prezident İlham Əliyevin 2013-cü ildə (1 mart) imzaladığı sərəncamla Milli Teatr Günü təqvimimizə yazılıb.

Hazırda isə Azərbaycanda bölgələr də daxil olmaqla 30-a yaxın dövlət, 10-a yaxın müstəqil teatr var.

Bəs 152 illik tarixi olan teatrlarımızın hazırkı durumu necədir? Onların üzləşdikləri çətinliklər nələrdir?

Bizim.Media bu gün münasibəti ilə bir neçə teatrla əlaqə saxlayıb, onlarla söhbətləşib.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, teatrda problemin olmaması yanlışdır:


“Teatr varsa, yaşayırsa, onun mütləq şəkildə qayğıları da olacaq. Son iki ildə dünyanın müxtəlif teatrlarında səfərdə olmuşuq, qarşılıqlı münasibətə dair memorandum imzalamışıq. Azərbaycan teatrlarında bu gün hansı problemlə üzləşiriksə, dünyanın ən böyük teatrlarını da həmin problemlər narahat edir. Bura rejissor, aktyorların peşəkarlıq məsələsi, tamaşaçı qıtlığı, günün reallığını nəzərə alaraq, sosial şəbəkələrin reallığında tamaşaçı zövqünü oxşamaq məsələsi daxildir. Bu çoxşaxəli problemləri həll etmək bir günün, beş günün işi deyil, obrazlı desək sehrli çubuqla bunu həll etmək mümkün deyil”.

O qeyd edib ki, teatr bu gün öz missiyasını ləyaqətlə yerinə yetirir:

“Akademik Milli Dram Teatrı bu gün beynəlxalq əlaqələrini genişləndirir, yeni premyeralar keçirir, ustad dərsləri təşkil edir və bölgə teatrlarına dəstək üçün çox ciddi, əhəmiyyətli layihə həyata keçirir. Teatr tamaşaçınındı, tamaşaçı yoxdursa, demək ki, teatrın heç bir funksionallığı yoxdur. Sevindirici haldır ki, son 2-3 il ərzində tamaşaçı sayında ciddi irəliləyiş var. Bununla dayanmaq olmaz, daha başqa üsullardan istifadə edib, Azərbaycan teatrını öz tamaşaçısının davamlı zövq ala biləcəyi bir məkana çevrilib yaşatmalıyıq”.

Həmsöhbət olduğumuz Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf də tamaşaçı qıtlığı yaşamadıqlarını qeyd edib:


“Bir az bundan öncə Bakıya qar yağan gün tamaşamız var idi. Çovğun, şaxta-boranda heç kimin gəlməyəcəyini və ya az adamın iştirakını gözləyirdik. Həmin gün tamaşaya yarım saat qalmış zal doldu. Bu hadisə məni keçən əsrin əvvəllərində Rusiyada olan teatra marağı xatırlatdı. Həsrətlə oxuyurdum ki, Rusiyada camata tamaşalara 5-10 gün qalmış bilet alırmış və gedib qarda teatrların qarşısında gecə səhərə qədər növbə gözləyirlərmiş. İndi müqayisə elədim ki, xalq və tamaşaya baxmaq istəyən qarlı-şaxtalı günə baxmır”.

O, yaxınlarda teatrın bir neçə yeni tamaşanın nümayiş olunacağını deyib:

“Hazırda 4 tamaşanın məşqi gedir, bunlar Səfəvi dövründən bəhs edən “Şahnamə” dramı, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsasında hazırlanan tamaşa və “Düyməcik” tamaşasıdır. Apreldə “Düyməcik” tamaşası nümayiş olunacaq. “Aydın” tamaşasının üzərində isə iş gedir. Ötən il biz 6-7 tamaşa təhvil vermişik. Özbəkistan, Rusiyada festivalda iştirak edirik”.

Müstəqil teatr olan “ƏSA” Teatrının direktoru Nihad Qulamzadə teatrlarda idarəetmədə böyük problemlərin olduğunu bildirib:


“4-5 il öncə tamaşaçı qıtlığı ən aktual problem olaraq teatrın inkişafına bəhanə kimi göstərilirdi. Pandemiyadan sonra insanlarda, xüsusilə, gənclərdə daha çox sosiallaşmaq, ictimai prosesdə iştirak etmək istəyi yarandı. Sosial şəbəkələrdə trendlər yarandıqca, insanlar hər hansı trendə uyğunlaşırlar. Teatra gedib bunu trendə çevirən bir neçə gənc oldu. Hazırda Azərbaycan teatrında tamaşaçıların maraqlarını dəyərləndirmək və qoruyub saxlamaq üçün fürsət var. Çünki bir neçə ildən sonra yenidən cəmiyyətdə sosial dəyişiklik olacaq, insanların maraqları haçalanacaq.

Bu gün teatrlarda idarəetmədə böyük problemlər var, teatra olan axının səbəbi teatrların düzgün strategiyası deyil, həm təsadüf, həm də dövrün tələbinə çevrilmiş faktdır. Teatrlar hələ də düzgün marketinq siyasəti qura bilməyib. Qabartdığım problem teatrların brendləşdirilməsi məsələsidir. Düşünürəm ki, teatrlar repertuar siyasətində də, administrativ işlərdə də dövrün tələbi ilə uyğunlaşmalıdır”.

“Əsa” teatrına gəldikdə isə direktor teatrın səhnə problemi olduğunu qeyd edib:

“Ayda bir dəfə tamaşa keçiririk. Çalışırıq ki, cəmiyyətin nəbzini yaxalayaq, ona uyğun tamaşalar hazırlayaq. Teatr yarandığı gündən bütün tamaşalarda anşlaq olub. Hazırda yeni tamaşa üzərində işləyirik, şərqlə qərb fəlsəfəsinin, irfan və ekzistensial fəlsəfənin təzadları və qovuşan nöqtələri üzərindən bir tamaşa olacaq. Çox maraqlı aktyor heyəti var və aprel ayına premyera düşünürük”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova da Azərbaycan teatrının gələcəyi haqqında ümidlə danışıb:


“Teatrımızın 115 illiyidir, 152 illik teatr tarixinin 115 ili bizim payımıza düşür. Zəngin repertuarımız var, martın sonunadək olan tamaşaların bəzisinə artıq biletlər satılıb. Qastrol səfərlərimiz və birgə layihələrimiz davam edir. Qubada, Lənkəranda və bəzi bölgələrə tamaşalarla gedirik və tamaşalar gözəl qarşılanır.

Ötən həftə “Qorxma, mən səninləyəm” filmi əsasında yeni tamaşa hazırlandı və premyerası oldu. Biz uşaqları da nəzərə alırıq, həm rus, həm Azərbaycan dilində tamaşalar hazırlanır, həmçinin ingilsi dilində bir tamaşamız var”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO