Nazirlər Kabineti "Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi Qaydaları"nı təsdiq edib.
Bizim.Media xəbər verir ki, uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar sərnişinlərə ediləcək güzəştlər müəyyənləşib.
Qərara əsasən, uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada dəyişikliklər edildiyi halda (qarşısıalınmaz qüvvə (fors-major) şəraitindən başqa) daşıyıcı biletdə göstərilmiş marşrut üzrə sərnişinin daşınmasını həyata keçirə bilmədiyi vaxt ərzində sərnişinlər üçün aşağıdakı xidmətləri ödənişsiz təşkil etməlidir:
- Yeddi yaşınadək uşağı olan sərnişinə ana və uşaq otaqlarının verilməsi;
- uçuş iki saatdan çox ləngidikdə iki telefon zənginin edilməsi və ya iki elektron poçtun göndərilməsi imkanının yaradılması, habelə sərinləşdirici içkilərin verilməsi;
- uçuş ləngidikdə gündüz vaxtı altı, gecə vaxtında isə səkkiz saatdan bir isti yeməklə təmin edilməsi;
- uçuş səkkiz saatdan çox ləngidikdə mehmanxanada yerləşdirmə;
- əlavə haqq alınmadan mehmanxanada yerləşmə təmin edildiyi hallarda hava limanından (aeroportdan) mehmanxanaya və geriyə nəqliyyatla çatdırılma;
- baqajın saxlanılmasının təşkili.
Daşıyıcı və ya xidmət təşkilatı sərnişinə daha yüksək komfortlu ödənişli əlavə xidmətlər göstərə bilər. Beş yaşınadək uşaqlar yalnız böyüklərin müşayiəti ilə daşınırlar. Beş yaşından 18 yaşınadək uşaqların daşınması daşıyıcının qaydalarına uyğun olaraq tənzimlənir.
Bizim.Media