Zeynəb Xanlarovanın bacısı oğlunun həbsi tələb edildi - FOTO

Zeynəb Xanlarovanın bacısı oğlunun həbsi tələb edildi - FOTO

Hazırda oxunan: Zeynəb Xanlarovanın bacısı oğlunun həbsi tələb edildi - FOTO

23610

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun, onunla birgə mühakimə olunan makler Çingiz Səfərov, Rahil Babayev, Zəfər Abdulov və Eldar Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Daşqın Nəsirov iş üzrə təqsirləndirilən şəxs statusunda olsa da, həbsdə deyil.

Barəsində ibtidai istintaq dövründə polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib, məhkəmə dövründə də o, azadlıqdadır.

Məhkəmə iclasında prokuror ittiham aktını elan edib. İttihama görə, Daşqın Nəsirov cinayət işi üzrə əsas fiqurantdır. O, zərərçəkənlər - Türkan qəsəbə sakinləri 92 yaşlı Xumara Şabanova və 82 yaşlı Əzizəxanım Atayevanın torpaqlarının ələ keçirilərək satılmasını təşkil edib, torpaqları satıb. Buna baxmayaraq Daşqın Nəsirov həbsə alınmayıb. Bu da məhkəmə prosesi zamanı zərərçəkənlərin ciddi etirazına səbəb olub.

İş üzrə Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev və makler Çingiz Səfərovun barələrində isə həbs qətimkan tədbiri seçilib.

Rahil Babayev hər iki zərərçəkənin ailə tərkibi ilə bağlı dürüst olmayan məlumatlar daxil etməklə arayış verməkdə, Çingiz Səfərov isə sənədlərin saxtalaşdırılmasında iştirak etməkdə təqsirləndirilirlər.

Zəfər Abdulov Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin keçmiş rəisi,  Eldar Mirzəyev də müavini olub. Zəfər Abdulovla Eldar Mirzəyev saxta sənədlər verdiklərinə görə işdən çıxarılıblar. İş üzrə təqsirləndirilən şəxs statusunda olan hər iki şəxs vəzifədə olarkən 92 yaşlı Xumara Şabanova və 82 yaşlı Əzizəxanım Atayevanın torpaqlarına dair Daşqın Nəsirova saxta sənədlər veriblər.

Bundan başqa, hər iki zərərçəkənə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması üçün, onlar sağ olduqları halda, hər iki ahıl qadının adına saxta ölüm şəhadətnamələri düzəldilərək notariusa təqdim olunub. Bundan sonra Əzizəxanım Atayevaya və Xumara Şabanovaya məxsus torpaqlar Daşqın Nəsirov tərəfindən ayrı-ayrı şəxslərə satılıb.

İş üzrə təqsirləndirilən şəxslərdən yalnız Çingiz Səfərov özünü ittiham üzrə qismən təqsirli bilir. Daşqın Nəsirov əsas fiqurant olsa da, özünü təqsirli bilmir.

Prosesdə Əzizəxanım Atayeva zərərçəkən qismində ifadə verib. O, Daşqın Nəsirovun əsas günahkar olduğunu məhkəmə kollegiyasının diqqətinə çatdırmaqla həbs olunmasını tələb edib. Deyib ki, ona məxsus torpaq sahəsinin ələ keçirilməsini, sağ ikən ona ölüm haqda şəhadətnamə hazırladan, torpağını satan Daşqın Nəsirov olub: “80 yaşım var, 9 aydır küçələrdəyəm bu işə görə, pensiyamı taksilərə verirəm. Mənim övladlarım acından ölür, bunlar mənim torpaqlarımı satıb yeyib. Belə qohumluq olar? Gedib İlham Əliyevin qapısında yatacam, amma bu işə bir çarə istəyəcəm. Bilmirəm torpağımı kimə satıblar. Amma bildiyim odur ki, alan şəxs oranın mübahisəli olduğundan məlumatlıdır və həmin ərazi hazırda istifadəsizdir. 25 sot yer xarabalıq olub qalıb. Mən məgər ölmüşəm ki, adıma ölüm kağızı çıxarıblar? Çingiz Səfərov mənim oğlumu aldadaraq bələdiyyəyə aparıb, ona iş verəcəkləri adı ilə sənədlərə imza atdırıb.

Rahil Babayev də ailə tərkibimiz haqda yalan məlumatlar verib. Torpağımızı satan Daşqın Nəsirovdur. Hər şeyi deyəcəyəm. Birinci növbədə tutulmalı odur. Bu işlərin başında Daşqın Nəsirov dayanıb. Onu həbs edin!”Prosesdə digər zərərçəkən Xumara Şabanova da ifadə verib. O, övladlarının göz dikdiyi torpaq sahəsinin saxtakarlıqla ələ keçirildiyini, sağ ikən adına ölüm haqda şəhadətnamə çıxarıldığını, buna baxmayaraq pensiya verilişinin dayandırılmamasını, torpağının Daşqın Nəsirov tərəfindən satıldığını bildirib: “Ay oğul, mənim sənədlə 92, faktiki isə 94 yaşım var. Övladlarım arasında bölə biləcəyim 1 torpaq sahəsi varım idi, rəhmətlik qaynatamdan mənə qalmışdı. Bir də xəbər tutduq ki, Daşqın Nəsirov bizim torpaq sahəmizi satıb. Biz bir kəndin adamlarıyıq. Dedik ki, bizim torpaqları qaytar, ya da pulunu verin. Başımıza oyun açdılar. Mənim bu yaşımda məhkəməyə gələn vaxtımdır? Bizə vəkil tapmaqda kömək edən Natiq Məhəmmədsoyu da tutdurdu. Özü də ortada gəzir. Bu necə olur?”

Bundan sonra proses iyunun 18-nə qədər təxirə salınıb. (Yeni Müsavat)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO