Azərbaycanda heyvanların sayındakı azalmanın səbəbi BƏLLİ OLDU – AÇIQLAMA

Azərbaycanda heyvanların sayındakı azalmanın səbəbi BƏLLİ OLDU – AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda heyvanların sayındakı azalmanın səbəbi BƏLLİ OLDU – AÇIQLAMA

234401

Rəsmi statistikaya görə, 2025-ci ilin yanvarın 1-ə olan vəziyyətinə görə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 459,7 min baş hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % və ya 48 min baş azalma deməkdir.

Qeyd edək ki, 2024-cü ilin eyni ayında iribuynuzlu mal-qaranın sayı 2 milyon 507,7 min baş olub.

Bu ilin 2025-ci ilin yanvarın 1-ə olan məlumata görə, inək və camışların sayı 1 milyon 223 min baş olub. Bu ötən ilə nisbətən 12 min baş azalma deməkdir. Eyni dövrdə qoyun və keçilərin sayı 6 milyon 850,2 min baş olub ki, bu da ötən ilə nisbətən 210 min baş azalma deməkdir.

Heyvandarlıqdakı geriləmə təbii ki, bazar qiymətlərinə ciddi təsir edir.

Artıq quzu ətinin qiyməti 25 manata çatıb. Dana ətinin qiyməti isə 17-18 manata təklif edilir.

Maraqlıdır ki, heyvandarlıqdakı geriləmənin səbəbini Kənd Təsərrüfatı Nazirliyi heyvanların aşağı çəkidə kəsilməsində görür. Nazirliyin açıqlamasına görə, əhalinin quzu ətinə olan marağı təbii artıma əngəl yaradır.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərinin açıqlamaları diqqəti əsas problemdən yayındırmaq məqsədi daşıyır:

“Bu bir reallıqdır ki, son 7-8 ildə heyvandarlıqda geriləmələr var. İri və xırdabuynuzlu heyvanların baş sayı ilbəil azalır. Bunun da əsas səbəbi 2015-ci ildə pambıqçılığın strateji sahə elan olunmasıdır. O illərdə böyük örüş sahələri ləğv edilib, pambıq əkildi.

Örüş sahələri əkin altına verildikdən sonra heyvandarlıqda sürətli geriləmə başladı. Çünki kənd adamları artıq örüş tapa bilmir. Ona görə də çoxları heyvanlarını dəyər-dəyməzinə satdı.

Nəzərə alaq ki, qapalı şəraitdə iribuynuzlu heyvanı saxlamaq olsa da, qoyun-quzunu bəsləmək mümkün deyil. Qoyun-quzuya örüş lazımdır. Hər adamın da imkanı yoxdur ki, Haramıda, Ceyrançöldə, Padarçöldə icarəyə torpaq sahəsi götürsün. Ona görə də artıq kəndlərdə qoyun-quzu saxlayan yoxdur. Tələb təklifi üstələdiyi üçün də qiymətlər sürətlə bahalaşır”.

Müsahibimiz Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərinin son açıqlamaları ilə bağlı da fikir bildirib:

“Bu gün quzuların “soyqırımı”ndan danışmaq əvəzinə yaxşı olar ki, hər doğulan quzuya görə subsidiya verilsin. Əkinlər üçün verilən subsidiyaların əlçatanlığı təmin edilməlidir. Bu gün fermerlər verilən subsidiyanın yalnız 25 faizini nağdlaşdıra bilir. Qalan vəsitsə bir qayda olaraq əlçatan olmur. Çünki ucqar kənddə yaşayan fermer 4-5 hektarın şumlanması və yaxud malalanması üçün rayon mərkəzindəki Aqroservisə gəlib-gedə bilmir.

Kənddəki hansısa traktorçuya pul verib işini aşırmağa çalışır. Bax, bu problem həll edilməlidir. Subsidiyanın 100 faiz istifadəsinə şərait yaradılmalıdır. Su problemi həll edilməlidir. Bir sözlə, heyvandarlığın inkişafı üçün kompleks iş görülməlidir”.

Surxay Atakişiyev, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO