Avropa İttifaqı çörək, pendir və makaron kimi qida məhsullarında 4%-ə qədər ultrabənövşəyi şüalarla işlənmiş “un qurdu”nun istifadəsinə icazə verib.
Qeyd edək ki, bu qərar fevralın 10-dan etibarən qüvvədə olacaq. Avropadakı bu yenilik bir çox müzakirələrə səbəb olub.
Həmçinin, qeyd olunan məhsulların bir çoxu Azərbaycana xaricdən gətirildiyi üçün narahatlıq doğurub.
MÖVZU İLƏ BAĞLI:
Fevral ayında rasiona əlavə edilməli olan QİDALAR
Bəs onların tərkibində də “un qurdu” istifadə olunursa, bunun orqanizmə nə kimi ziyanları ola bilər?
Bizim.Media mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın mövzuyla bağlı fikirlərini öyrənib.
Müsahibimizin sözlərinə görə “un qurd”ları adətən taxıl məhsullarında, saxlama yerlərində yaranan kiçik həşəratlardır.
“Bu həşəratlar məhsulun tərkibini zəhərləmir. Ancaq onu çürüdərək, süfrələrini buraxaraq keyfiyyətini pisləşdirir. Bu qurdların çoxalmasının qarşısını almaq üçün rütubət, temperatur, saxlama şəraiti çox önəmlidir. Buna görə də unun saxlandığı yerdə rütubət olmamalı, məkan mütəmadi olaraq havalandırılmalıdır, tempratur rejimi sabit olmalıdır. Un qurdları məhsulu çürüdüb, taxılı yeyərək onu keyfiyyətsiz hala gətirir. Bu da insanlarda bir çox xəstəliyə səbəb ola bilər”.
Ekspert xəbərdarlıq edir ki, əgər məhsulda un qurdu varsa, onun istehlak olunması ümumiyətlə tövsiyyə olunmur.
“Avropa İttifaqında, digər ölkələrdə ultrabənövşəyi şüalarla işlənmiş un qurdlarının istifadə edilməsinə həm mikrobioloji təmizliyi təmin etmək, həm də məhsulun rəf ömrünü uzatmaq məqsədilə icazə verilir. Ultrabənövşəyi şüalardan keçilmə qurdların məhv olmasına səbəb olur.
Ancaq belə qidaların insana ciddi ziyanı olub-olmamasıyla bağlı geniş tədqiqatlar yoxdur. Lakin sağlam qidalanmaq üçün daha təbii, təmiz, təhlükəsiz məhsullardan istifadə etmək tövsiyyə olunandır. Un, taxıl, eləcə də pendir məmulatlarını alarkən birinci, keyfiyyət sertifikatlarına, üzərindəki məlumatların tam olmasına, istehsal tarixinə, saxlanma şəraitinin satıldığı yerlə eyni olub-olmamasına diqqət etmək lazımdır. Çünki qida məhsulunun saxlanma rejiminə riayət edilməyəndə qurdların inkişafına mikrobioloji problemlərə səbəb olur”.
Məhsəti Hüseynova sonda qeyd edir ki, Azərbaycana xaricdən idxal olunan məhsulların satışına Qida Təhlükəsizlik Normalarına cavab verməsiylə bağlı monitorinqlər, laborator analizlərin nəticəsinə əsasən icazə verilir. Buna da müvafiq orqan nəzarət edir.
Nəzrin Mirzəyeva, Bizim.Media