Tovuzun dağətəyi relyefə malik, təxminən 1000-ə yaxın sakin olan Məşədilər kəndi rayon mərkəzindən xeyli aralıdadır. 350-ə qədər yaşayış evi olan bu kənddə nə tibb məntəqəsi, nə də hər hansı bir səhiyyə müəssisəsi var. Bu kəndi Tovuzun digər şəhər və kəndlərindən Zəyəmçay ayırır. Kənd camaatı alış veriş üçün, həkimə, rayon mərkəzinə bu çayın üzərindən keçməklə gedə bilirlər.
Bu məqsədlə kənddə yaşayanlar öz hesablarına təqribən ötən əsrin 80-ci illərində dəmirdən ensiz bir körpü salıblar. 45 ildir xalqa xidmət edən körpü qəzalı vəziyyətə düşüb. Hər il bir neçə dəfə sel sularının fəsadları nəticəsində zərər görən bu körpü hazırda təhlükəli hal alıb. Bu ilin yazında da Zəyəmçayından selin keçməsi körpünü daha da qəzalı edib.
Bizim.Media-ya danışan kənd sakini Elçin Həsənov qəzalı körpunun hər an uça biləcəyini deyib:
“Hər gün bu körpüdən istifadə edirik. Kəndə başqa yol yoxdur. Oradan keçəndə özümüzü riskə atırıq. Çox pis vəziyyətdədir. Hər an uçmaq təhlükəsi var. Sel gələndə də ümumiyyətlə keçə bilmirik. Kənd maşınlarının yarısı o tayda, yarısı bu tayda qalır. Heç piyada da keçə bilmirik. Yaxın vaxtlarda burada yeni körpü tikilməsə, hansısa bədbəxt hadisə baş verəcək”, - deyə kənd sakini əlavə edib.
Kənd sakinlərinin sözlərinə görə Zəyəmçayında suyun səviyyəsi aşağı olduğu müddətdə ağır tonnajlı, iri qabaritli maşınların çaydan keçməli olur. Lakin çayda sululuq çox olduqda buradan da keçə bilmirlər. Körpü ensiz olduğundan bir minik avtomobili güc bəla ilə keçib gedə bilir. Qabaritləri böyük olan yük avtomobilləri isə ümumiyyətlə keçə bilmir. Üstəlik sakinlər kənd təsərrüfatı ilə məşğul olduqlarından yük avtomobilləri ilə ot tədürükü, meyvə satışı və digər daşımaları körpü səbəbindən həyata keçirə bilmirlər.
Məşədilər kəndinin digər sakini Fəxrəddin Ələsgərov körpünün təxminən 80-ci illərdə kənd camaatının vəsaiti hesabına tikildiyini xatırladıb:
“Hər il sel gəlir körpünü belə bərbad vəziyyətə salır. Yeganə keçidimiz də buradandır. Təcili Tibbi Yardım çağırırıq gəlmir. Gələndə də o tayda qalır. Təhlükəli olduğundan bu tərəfə keçə bilmir. Taksi ilə ancaq körpünün başına qədər gəlirik. Piyadalar avtomobil körpüyə çıxanda gözləməli olur, avtomobil də körpüdə piyada gördükdə gözləmək məcburiyyətində qalır. Belə dar körpüdən bir birini gözləyərək qorxa-qorxa gedib gəlirik”.
O aidiyyəti qurumlardan tezliklə bu vacib və çox aktual olan problemin həllinə ciddi reaksiya vermələrini xahiş edir.
Hər gün bu qəzalı vəziyyətdə olan körpüdən keçib Məşədilər kənd tam orta məktəbinə dərs deməyə gedən Rasim Süleymanov da öz narazılığını dilə gətirib:
“Mən uzun müddətdir bu kənddə müəllim işləyirəm. Gəldiyim vaxtdan etibarən gördüyünüz bu dəmir körpüdür. Kəndin əsasən giriş-çıxış nöqtəsini təmin edən əsas körpüdür. Körpü əvvəl nisbətən saz vəziyyətdə idi. Son vaxtlar körpü demək olar ki bərbad vəziyyətə düşüb. Xüsusən bu yay selin gəlişi ilə əlaqədar olaraq körpüdə çox qəzalı bir vəziyyət yaranıb. Gediş gəlişdə çətinlik yaradır. Rayon mərkəzindən taksi ilə gəldikdə sürücü körpüdən keçmək üçün əlavə qiymət istəyir.
Problemlə əlaqədar Tovuz rayon icra hakimiyyətinə müraciət etdik. Yaranan problemlə bağlı Bizim.Media-nın yerli bürosuna qurumdan bildirilib ki, Məşədilər kəndini Tovuz rayonu ilə birləşdirən Zəyəm çayı üzərində salınmış metal körpü, ötən əsrin 80-ci illərində qurulub.
Yaz yagışları zamanı gələn sel suları körpünün bir hissəsini dagıdıb. Bununla baglı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib. Qurum əməkdaşlarının iştirakı ilə körpüyə baxış keçirilib, lazım olan tədbirlərin icrası üçün akt tərtib olunub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq.
O, sözügedən körpünün AAYDA-nın balansında olmadığını və agentliyin bununla bağlı hər hansı cavabdehlik daşımadığını qeyd edib:
“Tovuz rayon icra hakimiyyətindən Məşədilər kəndində olan körpü ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunduğu üçün əməkdaşlarımız tərəfindən həmin körpüyə baxış keçirilib. Yeni körpünün layihələndirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim olunub. Əgər layihə qəbul olunarsa, yeni körpünün tikintisi üçün vəsait ayrılarsa, agentlik tərəfindən həmin ərazidə yeni körpünün tikintisi həyata keçirilə bilər”, - deyə Anar Nəcəfli deyib.
Ümid edirik ki, Tovuzun Məşədilər kəndindəki qəzalı körpünün bərpası və ya yeni tikintisi üçün aidiyyəti qurumlar əməli tədbirlər görəcək. Faciə baş verməmiş həyacan siqnalına vaxtında reaksiya verməyin zamanıdır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:20 / 28.01.2025
Tovuz sakinləri TƏHLÜKƏDƏ - 45 ildir qəzalı vəziyyətdə olan körpü UÇDU - FOTO
Hazırda oxunan: Tovuz sakinləri TƏHLÜKƏDƏ - 45 ildir qəzalı vəziyyətdə olan körpü UÇDU - FOTO
Hazırda oxunan: Tovuz sakinləri TƏHLÜKƏDƏ - 45 ildir qəzalı vəziyyətdə olan körpü UÇDU - FOTO
231968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.