Statistik məlumatlara əsaslansaq, Azərbaycan ailələrində çoxuşaqlı ailə mühiti sona yetmək üzrədir.
Hazırda ailələrin sayında 1 uşaqlı ailələr 30,1 %, 2 uşaqlı ailələr 40,3 %, 3 uşaqlı ailələr 19,9 %, 4 və çox uşaqlı ailələr isə 9,7 % təşkil edir. Bu rəqəmlər getdikcə iki qat nisbətdə azalır və demək olar ki, Azərbaycan demoqrafik böhranın astanasındadır.
Bizim.Media-ya danışan psixoloq Fərqanə Mehmanqızının da fikrincə, insanlar sosial durumlarını nəzərə alaraq, övlad dünyaya gətirirlər.
MÖVZU İLƏ BAĞLI:
Psixoloqdan HƏYƏCAN SİQNALI - “Uşaqların 70-75 faizində psixoloji ləngimə var”
O, bildirib ki, müasir dövrdə sosial mühitin inkişaf etdiyi və ictimai obrazlar formalaşdığı üçün ailələr çox övlada sahib olmaq istəmirlər.
“Hazırda hər kəs öz limitini bilir, həyatda nə istədiyini başa düşür. Əslində bu çox yaxşı bir haldır. Övlad dünyaya gətirməyin məsuliyyəti çox böyükdür. Onlar bu məsuliyyəti dərk edirlər. Ona görə çox uşaq dünyaya gətirib onları yarımçıq böyütmək istəmirlər. Elə bu səbəbdən də ailələr az uşaq dünyaya gətirib, onlara düzgün tərbiyyə və sağlam həyat verməyə çalışırlar”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirib ki, çoxuşaqlı ailələrin azalması sadəcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur.
“Hazırda həqiqətən də çox uşaqlı ailələr azalmağa doğru gedir. Bir çox ailələr daha çox iki uşağa üstünlük verirlər. Buna səbəb kimi iqtisadi imkanlar özünü daha qabarıq şəkildə biruzə verir. Maddi sıxıntılar ailələrdə bir çox problemlərə yol açır. Bundan başqa ilk övladları ilə problem yaşayan valideyinlər ikinci uşağı dünyaya gətirməkdə tərəddüd edirlər”.
Cəmiyyət sədri həmçinin çoxuşaqlı kasıb ailələrin cəmiyət tərəfindən qınaq obyektinə çevrildiyini də vurğulayıb:
“Günümüzdə çox uşaqlı ailələrin çətin vəziyyətdə olduğu ilə bağlı müxtəlif biçimdə xəbərlərdə yayılır. Belə ailələr hər zaman sosial şəbəkələrdə qınaq obyektinə çevrilir. Onlar “Baxa bilmirdin niyə doğurdun? Niyə dünyaya gətirirdin?” kimi tənqidlərə də məruz qalırlar. Bəzən bu cür qınanmaq da demoqrafik vəziyyətə öz təsirini göstərir”.
Dünya psixoloqlarının gəldiyi qənaətə görə, qadınların uşaq dünyaya gətirmək istəməməsi təkcə sosial durumla bağlı deyil.
Burada müxtəlif amillər iştirak edir. Qadınların əksəriyyəti öz görünüşlərinə düşkün olduqları üçün çox uşaq dünyaya gətirməyin onların görkəmlərinə zərər vuracağını düşünür. Bəzi hallarda isə çox uşağın onların karyerasına mənfi təsir edəcəyini də düşünürlər.
Aliya İlyas, Bizim.Media