“Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi üzrə Rusiyada aparılan istintaq təyyarənin “Pantsir S-1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Caliber.az” etibarlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən qurğu Rusiyaya Suriyadan gətirilib:
“Həmçinin, bildiyimiz kimi, Rusiya təhqiqatı Azərbaycan təyyarəsinə qarşı elektron döyüş texnikasından istifadə edildiyini təsdiqləyib və bu, təyyarənin idarəetmə sisteminin sıradan çıxmasına səbəb olub”.
Bundan əlavə, xəbərdə deyilir ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib:
“Biz bu məlumatı lazım olan vaxtda mütləq oxucularla paylaşacağıq. Biz Kreml rəsmilərinə müraciət edirik: arxayın olun, faciədə bilavasitə məsuliyyət daşıyan hərbçilərin adları və rütbələri bizə məlumdur. Əlbəttə ki, siz faktiki olaraq cinayətin ortaqlarına çevrilərək həqiqəti gizlətmək xəttini davam etdirə bilərsiniz. Yaxud da prosesi gecikdirmədən şərəfli iş görə və faciəyə görə məsuliyyəti öz üzərinizə götürə bilərsiniz.
Çünki indiki davranış tərziniz vicdansız, cılız və açıq şəkildə utancvericidir. Malayziya “Boeing” və ya Cənubi Koreya təyyarəsində olduğu kimi, başqalarını günahlandırmaq, onlarla alternativ versiya yaratmaq istəyinizi başa düşürük.
Amma Azərbaycan Rusiya ilə münasibətlərdə heç vaxt belə davranmayıb. Hətta 2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan hərbi helikopterinizlə bağlı vəziyyətdə belə. Yada salaq ki, o, gecə saatlarında alçaq hündürlükdə transponderlər söndürülərək sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonunu müşayiət edib. Prezident İlham Əliyev o zaman bunun qanuni hərbi hədəf olduğunu iddia edə bilərdi və o, tamamilə haqlı olardı. Lakin o, kişi kimi davrandı: üzr istədi, helikopterə görə zərər ödənildi, həlak olanların ailələrinə kompensasiya verildi.
Biz həmçinin Qarabağda öldürülən rus sülhməramlıları ilə bağlı da mifi dağıdacağıq. Yeri gəlmişkən onların fotoşəkilləri sizin xüsusi xidmət orqanlarınız tərəfindən internetə sızdırılıb. Rusiya sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilib ki, 2023-cü il sentyabrın 23-də, antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq və “aşağı profil” saxlamaqdır.
Kontingentin böyük əksəriyyəti bu “çətin” tapşırığın öhdəsindən uğurla gəldi. İstisna, xəbərdarlıqlara məhəl qoymadan və öz hərəkətlərini Azərbaycan tərəfi ilə əlaqələndirmədən bazanı tərk etmək qərarına gələn bir neçə zabit var idi. Döyüş şəraitində koordinasiya olunmayan istənilən avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, bu zabitlər atəşə tutulub. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb, üzr istəyib və günahkarları məsuliyyətə cəlb edib”.
Azərbaycan-Rusiya münasibətləri bundan sonra necə olacaq?
“Məlumatlı mənbələrin bizə bildirdiyinə görə, əgər Rusiya işin üstünü örtməyə çalışsa və istintaqın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi orqanlara müraciət edəcək. Üstəlik, məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırmaq bütün hallarda Azərbaycan-Rusiya münasibətlərində qırılma nöqtəsinə çevriləcək. Rusiyanın onsuz da az sayda dost dövləti qalıb və tezliklə daha bir dövləti - Azərbaycanı itirmək riski var. Üstəlik, Azərbaycan əhalisi arasında Rusiyanın onsuz da aşağı olan imici son hadisələr fonunda xeyli pisləşib”, - deyə məqalədə qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:32 / 24.01.2025
SON DƏQİQƏ! AZAL təyyarəsinin “Pantsir S-1”lə vurulması TƏSDİQLƏNDİ
Hazırda oxunan: SON DƏQİQƏ! AZAL təyyarəsinin “Pantsir S-1”lə vurulması TƏSDİQLƏNDİ
Hazırda oxunan: SON DƏQİQƏ! AZAL təyyarəsinin “Pantsir S-1”lə vurulması TƏSDİQLƏNDİ
231564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.