Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə açıqlamasında bildirib ki, yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək.
MÖVZU İLƏ BAĞLI:
Bu il buraxılış imtahanları ÇƏTİN olacaq – Abituriyentlərə XƏBƏRDARLIQ
Sədrin bu açıqlamasından sonra bir çox insana, xüsusilə, abituriyentlərə maraqlıdır ki, bu yeniliyin hansı müsbət nəticələri olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Vüsal Kərimli qeyd edib ki, imtahanların rəqəmsal formada keçirilməsi nəticələrin daha tez açıqlanmasına səbəb olacaq, şəffaflığı artıracaq.
“Dünyanın elektronlaşmaya keçdiyi dönəmdə imtahanlarımızın rəqəmsal formada keçirilməsi bizim üçün faydalıdır. Gələcəkdə qəbul imtahanlarının elektronlaşdırılması prosesin effekli və daha asan idarə olunmasına səbəb olacaq. Bu yenilik nəticələrin daha tez anında elan olunmasına imkan yarada bilər”.
Qeyd edək ki, Məleykə Abbaszadə açıqlamasında yerli ekspertlərlə sosial sorğu keçirib müzakirələr aparmaqla imtahanlar, qiymətləndirilmə haqqında onların da fikirlərinin nəzərə alınacağını deyib.
Bəs bu istiqamətdə hansı təkliflər irəli sürülə bilər?
Vüsal Kərimli əvvəlcədən etdiyi bir təklifdən danışıb:
“Zamanında yeni qiymətləndirmə sisteminə keçidlə bağlı təklif etdim ki, təkcə 11-ci sinifdə yox, 9-cu sinifdə də buraxılış imtahanının nəticələri də ümumi olaraq 11-ci sinifin nəticələrinə təsir göstərməlidir. 9, 11-ci siniflərin buraxılış imtahanının və 11-ci sinifdəki qəbul imtahanının nəticəsinin toplanması daha effektli ola bilər”.
Ekspert sonda qiymətləndirmə sistemində müəyyən dəyişikliklərin ola biləcəyini vurğulayıb.
“Xüsusilə, blok imtahanlarında buraxılış imtahanından fərqli tipli suallar salına bilər”.
Nəzrin Mirzəyeva, Bizim.Media