Bu gün xüsusilə ibtidai sinif müəllimlərinin çətinlik çəkdikləri məsələlərdən biri də məktəbə yeni başlayan azyaşlıların türkcə danışmasıdır. Belə ki, izlədikləri cizgi filmlərinə görə uşaqlar öz ana dillərindən çox türkcə danışır.
Bu da onların məktəb həyatlarında, sosial mühitlərində çətinlik yaradır.
Bizim.Media məsələylə bağlı ibtidai sinif müəllimi Sevda Məmmədovanın fikirlərini öyrənib.
MÖVZU İLƏ BAĞLI:
İbtidai siniflərin İMTAHAN DƏRDİ - Dərs yükünün çoxluğu hansı FƏSADLARI yaradır?
Müəllim bu problemin səbəblərindən, o cümlədən, həll yollarından danışıb:
“Təəssüflər olsun ki, belə hallar var. Bunun da səbəbi əksər hallarda valideynlərin diqqətsizliyi, övladları ilə az ünsiyyətdə olmalarıdır. Hal-hazırda şagirdlərim 3-cü sinifdə oxuyurlar. 1-ci sinfə gələndə türk sözlərindən daha çox istifadə edirdilər. Biz müəllimlər valideynlərdən çox şagirdlərlə ünsiyyətdə oluruq və bunu aradan qaldırmaq üçün valideynlərlə yanaşı, şagirdlərin özləri ilə də iş aparırıq”.
Müəllim bu halın aradan qaldırılması ilə bağlı həll metodunu da açıqlayıb:
“Mən şagirdlərim hər dəfə belə sözlər işlədəndə iradımı bildirirəm və düzəliş edirəm. Hətta şagirdlər də özləri türk və ya qeyri dillərdə olan sözlər eşidəndə özləri səhvlərini düzəldirlər. Bu artıq adət halını alıb.
Bunu aradan qaldırmağın mühüm yollarından biri mütaliə etməkdir. Şagirdləri mütaliəyə cəlb etməliyik. Biz müəllim olaraq, şagirdlərə ilk növbədə öz dilimizi sevməyi, dilimizə hörmətlə yanaşmağı aşılamalıyıq. Həm şagirdlərlə, həm də valideynlərlə maarifləndirici söhbətlər aparmalıyıq. Bununla belə valideynlərə uşaqlarla daha çox vaxt keçirməli, onlarla daha çox ünsiyyətdə olmalarını tövsiyə edirəm.
Digər səbəblərindən biri isə Azərbaycanda uşaq televiziya kanallarının az olması və ya heç olmamasıdır”.
Nəzrin Mirzəyeva, Bizim.Media