Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə davam edən bayram tətili günlərində şəhid və qazi övladları unudulmayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bayram tətili günlərini maraqlı və yaddaqalan keçirmələri məqsədi ilə şəhid və qazi övladları üçün xüsusi proqramlar tərtib edilib.
İlk geniş bayram proqramı Şəki Dövlət Dram Teatrında baş tutub, teatrda Yeni il şənliyi təşkil edilib.
Uşaqlar Şəki Dövlət Dram Teatrında yeni ilin gəlişi ilə əlaqədar hazırlanmış “Oyuncaqların qış nağılı” adlı tamaşaya baxıblar. Nağıl-tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Arzu Mustafayeva, Nərmin Abbasova və başqaları ifa ediblər.
Bununla yanaşı şəhid və qazi övladlarının şəhərin tarixi məkanlarına, muzeylərə gəzintisi təşkil edilib.
Tamaşanın sonunda uşaqlara bayram hədiyyəsi təqdim olunub.
Tural Rasimoğlu, Bizim.Media, şimal-Qərb bürosu