Hər bir xalqın öz kulinar ənənələri var. Milad Bayramı və Yeni ildə süfrələrə qoyulan hər bir təamın həmin xalq üçün xüsusi mənası, mahiyyəti olur.
Azərbaycanda Yeni il süfrəsində hansı qidaların olması ilə bağlı inanclar yoxdur.
Rusiyada Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər.
Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir.
Macarıstanda da Yeni il süfrəsinə qaz, ördək, toyuq qoymurlar. Guya yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər.
Almaniyada isə süfrəyə 12 ədəd soğan qoyurlar, amma yemək üçün yox, gələn ilin hava proqnozlarını müəyyənləşdirmək üçün. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğanı götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək.
Kubada Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Hər kəs saatın zəngləri gecəyarısını vurduqda on iki gilə üzüm yeməlidir. Bu, o deməkdir ki, ilin on iki ayında sənin həyatın üzüm kimi şirin olacaq.
Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisinə daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.
Danimarka Milad bayramında süfrəyə bişmiş qaz, farş olunmuş meyvə, kartof və qırmızı kələmlə bişirilmiş donuz ət süftədə olmalıdır. Desert kimi isə müxtəlif giləmeyvələrin də qatıldığı qryutse adlı düyü sıyıqı təqdim olunur. Danimarkalılar əsasən. Süfrədə içki növü kimi qleq və pivə içirlər.
Nepal Yeni il aprelin ortalarında qeyd olunur. Bisket Catra adlanan bayram daha çox teatrlaşdırılmış səhnələri ilə diqqət cəlb edir. Burda əsas yemək mərcimək, pomidor, soğan, düyü və ədviyyatların qatıldığı dal bat təamıdır.
İtaliya Yeni ili və Milad bayramını çılğın şənliklərlə qeyd edir. Bu zaman süfrədə mütləq donuz kolbasası – kotekino mütləq olmalıdır. Özü də bu kolbasa ev sahibi xanım tərəfindən şəxsn hazırlanmalıdır. Uzunömürlülük simvolu mərcimək də masadan əskik olmamalıdır.
Meksikalılar acılı yeməklər sevirlər. Farş edilmiş hinduşka, qarğıdalı, lobya və romeritos (əsas inqridientləri krevetka və kartofdu) meksikalıların əsas təamları sayılır. İçkilərdən isə yüngül çaxırlar, punş və tekilaya üstünlük verilir.
Vyetnamda Yeni ilə Tet bayramı deyilir və Ay təqviminə uyğun olaraq yanvarın 20-si tarixləri ilə fevral ayı arasında keçirilir. Bayram yeməkləri əsasən düyü və ətdən bişirilir. Məsələn, kokos südündə donuz əti yaxud ban çunq (bambuk yarpağına bükülmüş düyü və donuz əti) piroqu menyuya daxildir.
Fransada Yeni il süfrəsi istridyə, buterbrod, pendir və məşhur fransız çaxırı olmadan təsəvvür olunmur.
Yaponiyalılar şabalıdı uğur simvolu saydıqları üçün istər desert, istərsə də qarnirlərə onu qatırlar. Yeni İl süfrəsində dəniz kələmi, lobya və siyənək balığının kürüsü olur.
ABŞ-da əksər Qərb ölkələrində olduğu kimi Yeni il süfrəsinin yaraşığı farş edilmiş hinuşka sayılır. Onu adətən, çörək, pendir, göbələk, alma və kələmlə verirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
03:50 / 31.12.2024
Fərqli xalqların fərqli Yeni il süfrəsi
Hazırda oxunan: Fərqli xalqların fərqli Yeni il süfrəsi
Hazırda oxunan: Fərqli xalqların fərqli Yeni il süfrəsi
227861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.