"Keçən il ölkənin mediasiya təşkilatlarına 40 min müraciət olmuşdu. Onlardan 20 mini məhz ailə məsələləri ilə bağlı olub".
Bu açıqlamanı Bizim.Media-ya müsahibəsində Azərbaycan Mediasiya Şurasının İntizam Komissiyasının sədri, Bakı 8 Saylı Mediasiya Təşkilatının direktoru Mayıl Əhməd verib. Onun sözlərinə görə Azərbaycanda 2019-cu ildən Mediasiya haqda qanun qəbul edilib. 2021-ci ildən ölkədə fəaliyyət göstərən Mediasiya Şurasının həm Bakıda, həm də rayonlarda 40-a yaxın Mediasiya Təşkilatı yaradılıb. Mayıl Əhmədov onlara hazırda ailə və əmək kateqoriyalarına aid müraciət edildiyini deyir.
Bildirib ki, ölkə üzrə keçən il 40 min müraciətin 20 minə yaxını məhz cəmiyyətimizdə aktual olan ailə məsələləri ilə əlaqəlidir. O, mediasiya təşkilatlarında insanlara professional hazırlıq keçmiş moderatorların xidmət etdiyini vurğulayıb:
“Ailə məsələləri ilə bağlı mübahisəli məsələlər olanda biz öncə ailənin dağılmaması üçün iş aparırıq. Tərəflər razılığa gəlməyəndə, onlara uşaqla ünsiyyət, aliment, uşağın ölkədən çıxışına icazə və s. kimi məsələlərdə kömək edirik. Nəticədə iş məhkəməyə gedib çıxmır, bir növ məhkəmələrin işi asanlaşır”.
Mayıl Əhməd son 3 ildə cütlüklər arasında barışıq sazişi bağlanması ilə bağlı statistik rəqəmi də açıqlayıb. Onun sözlərinə görə 2022-ci ildə 300 müraciətdən 63, 2023-cü ildə 2200 müraciətdən 647 barışıq sazişi imzalanmışdısa, bu il bu rəqəm 2300 müraciətə qarşı 703 olub. Bu isə boşanmaq istəyən cütlükləri ikiyə vursaq, 1400 nəfər edir. Yəni bu qədər əhali təşkilatımızdan məmnun qalıb və əksər ailələrin dağılmasının qarşısı alınıb.
Mayıl Əhməd müraciət olunan məsələlərdə xitam verilməsinin də əsas götürüldüyünü qeyd edib:
“Bu il təkcə 8 saylı Mediasiya Təşkilatı tərəfindən boşanmaqla bağlı 400 ailə ilə bağlı işə xitam verilib ki, bu da eyni sayda ailənin boşanmaqdan imtina etməsi deməkdir”.
Qurum rəsmisi işə qəbul edilən moderatorların davamlı olub olmaması ilə bağlı sorğumuzu da cavablandırıb. Bildirib ki, barəsində hər hansı şikayət olan moderatorla bağlı İntizam Komissiyasında baxılır, eyni zamanda Mediasiya Şurasının İdarə Heyətinə məlumat verilir. Onlara ya xəbərdarlır, töhmət verilir, ya da işin öhdəsindən gələ bilmədikdə, özü sistemdən gedir. Ölkə üzrə 100-ə yaxın moderator göstərilən bu və bu kimi hallarla bağlı işdən gedib.
Qusar 1 saylı Media Təşkilatının sədri Radik Kazımov isə indiyədək qurumun icraatında olan və baxılan işlərdən barışıq sazişi imzalanmasının 55 faiz təşkil etdiyini deyib.
Qeyd edək ki, Azərbaycanda Mediasiya Şurası son illər yaranan və ədliyyə sisteminə yeni daxil olan qurum kimi fəaliyyətdədir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu