Uşaq oyuncaqları ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - Nələrə diqqət etmək lazımdır?

Uşaq oyuncaqları ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - Nələrə diqqət etmək lazımdır?

Hazırda oxunan: Uşaq oyuncaqları ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - Nələrə diqqət etmək lazımdır?

227764

Bildiyimiz kimi, uşaqların ən sevdikləri hədiyyələrdən biri də məhz oyuncaqlardır. Çeşid-çeşid, rəngarəng, maraq dairələrinə uyğun oyuncaqlar uşaqlar üçün sevimli əyləncə vasitəsidir. Ümumiyyətlə, oyuncaqlarla oynayan uşağı kənardan müşahidə etdikdə onun davranışlarına baxaraq daxili aləmi barəsində bizdə fikir yaranır. Məsələn, azyaşlı qız gəlinciklə övladı kimi oynadıqda öz anasının rolunu ifa edir. Anasının ona davrandığı kimi, o da gəlinciyə davranır.

Təbii ki, digər amillər kimi oyuncaqların da uşaqlara müsbət təsirləriylə yanaşı, mənfi təsirləri də var. Çünki mütəxəssislər bildirirlər ki, bəzi oyuncaqlar gələcəkdə uşaqlarda aqressiya, nifrət, insanlara və heyvanlara qarşı ikrah hisləri formalaşdıra bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Valideynlərə XƏBƏRDARLIQ – “Bu oyuncaqlar körpələr üçün təhlükəlidir”


Bəs uşaq üçün oyuncağın uşağın inkişafı üçün düzgün olub-olmadığını necə müəyyənləşdirə bilərik?

Oyuncaq seçimi zamanı nələrə diqqət etmək lazımdır?

Ümumiyyətlə, oyuncağın uşağın inkişafına nə kimi təsiri ola bilər?

Psixoloq Ofelya Məmmədova Bizim.Media-ya açıqlamasında bu mövzuda önəmli məqamları açıqlayıb. O, oyuncaqların uşağın psixologiyasına təsirinin böyük olduğunu bildirib:

“Uşaqlar oyun vasitəsilə dünyanı kəşf edir, emosional və sosial bacarıqlar inkişaf etdirir, həmçinin özlərini ifadə etməkdə və müxtəlif vəziyyətlərə uyğunlaşmaqda təcrübə qazanırlar”.

Psixoloq oyuncaqların uşağın psixologiyasına olan təsirinin müxtəlif aspektlərini göstərib:

“Oyuncaqlar uşağın emosional vəziyyətlərini anlamağa və idarə etməyə kömək edir. Məsələn, yumşaq və sevimli oyuncaqlar uşaqların qorxularını azaldır, onlara təhlükəsiz hiss etməyə kömək edir. Rol oynama oyunları uşaqlara duyğularını ifadə etmə və fərqli emosional vəziyyətləri anlamağa imkan verir. Yəni, “ana-ata” və ya “həkim” kimi oyunlar uşaqlara empatiya bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Uşaqlar, başqaları ilə oyun oynayarkən paylaşma, növbə gözləmə və əməkdaşlıq etmə kimi sosial bacarıqları öyrənirlər”.

Bu növ oyuncaq uşaqlara məntiqi düşünmə bacarıqlarını gücləndirir

Ofelya Məmmədova oyuncaqların uşaqlarda rol və məsuliyyət hissini də formalaşdırdığını qeyd edib:

“Özünü bir xarakterin yerində təsəvvür etmək (məsələn, bir həkim, müəllim və ya aşpaz olmaq) uşağa sosial rolları başa düşmək və qəbul etməkdə kömək edir. Bu, onların həm də gələcəkdə real həyatdakı münasibətləri və iş dünyasında rolunu anlamağa şərait yaradır.

Bloklar, puzzle-lar və digər tərtibatlı oyuncaq növləri uşağın düşünmə və problemləri həll etmə bacarıqlarını inkişaf etdirir. Bu növ oyuncaq uşaqlara məntiqi düşünmə və analiz etmə bacarıqlarını gücləndirir.

İnteraktiv və açıq uclu oyunlar, məsələn, konstruksiya dəstləri və rəsm materialları uşaqların yaradıcılığını və xəyal gücünü stimullaşdırır, onlara yeni ideyalar yaratmağa imkan verir”.

Oyun vasitələrinin psixoloji sağlamlığa təsiri

Müsahibimiz oyun vasitələrinin psixoloji sağlamlığa necə təsir etdiyini də açıqlayıb:

“Oyun zamanı uşaqlar stres və gərginliyi azalda bilərlər. Hətta bəzən oyun vasitəsilə uşaqlar öz qorxuları və narahatlıqları ilə üzləşir və onları idarə etməyi öyrənirlər. Öz uğurlarını hiss etmək və bir məqsədi yerinə yetirmək məsələn, puzzle həll etmək uşağa özünə inam hissi yaradır. Bu da onların psixoloji sağlamlığını gücləndirir.

Oyuncaqlar həmçinin uşağın əllərini və barmaqlarını istifadə etmə qabiliyyətini inkişaf etdirir. İnkişaf etmiş motor bacarıqları uşaqların fiziki və psixoloji inkişafına müsbət təsir göstərir.

Bloklar, toplar, konstruksiya dəstləri kimi oyuncaq növləri uşağın əl-göz koordinasiyasını və fiziki bacarıqlarını artırır”.

Risk yaradan oyuncaqlar

Psixoloq uşaq üçün oyuncaq seçərkən  diqqət edilməli bir neçə məqamı da açıqlayıb:

“Oyuncağın yaşı müəyyən edilmiş yaş qrupuna uyğun olmalıdır. Çünki bəzi oyuncaq elementləri kiçik yaşlı uşaqlar üçün təhlükəli ola bilər. Məsələn, kiçik parçalar udma riski yaradır.

Oyuncağın tərkibində zəhərli maddələr olmamalıdır. Çində və ya digər ölkələrdə istehsal olunan oyuncaq alarkən onun təhlükəsizlik sertifikatına və müvafiq testlərdən keçməsinə diqqət edin.

Oyuncağın materialları sağlam və ekoloji cəhətdən təmiz olmalıdır. Təbii və yüngül materiallardan hazırlanmış oyuncaq daha yaxşıdır.

Uşağın motor bacarıqlarını, yaradıcılığını və sosial bacarıqlarını inkişaf etdirə biləcək oyuncaq seçmək məqsədəuyğundur. Bloklar, rəngli toplar və ya təhsil oyuncaqları buna aiddir. Oyuncağın uşağın əyləncəsini təmin etməklə yanaşı, öyrədici xüsusiyyətləri də olmalıdır. Buna nümunə olaraq, rəngləri, şəkilləri, rəqəmləri və hərfləri öyrədən oyuncaqları nümunə göstərmək olar.

3 yaşdan kiçik uşaqlar üçün kiçik hissələrdən ibarət oyuncaq seçmək təhlükəli ola bilər, çünki uşaqlar bu hissələri ağzına ataraq udmaq riski daşıyır”.

Ofelya Məmmədova sonda vurğulayıb ki, hər bir uşaq fərqli maraqlara malikdir. Onun sevdiyi rənglər, heyvanlar və ya xüsusi mövzulara uyğun oyuncaq seçmək uşağın motivasiyasını artırır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO