“Yolka bəzəmək bütpərəstliyin bir növüdür” - İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA

“Yolka bəzəmək bütpərəstliyin bir növüdür” - İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA

Hazırda oxunan: “Yolka bəzəmək bütpərəstliyin bir növüdür” - İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA

226030

“Yeni ilin başlanğıcı fərqli dinlərə və xalqlara görə fərqli qeyd olunur yaxud qeyd olunmur.

Məsələn, İslam dinində Hicri qəməri - Ay təqviminə görə Məhərrəm ayının 1-i yeni ilin başlanğıcıdır. Amma bu bayram kimi qeyd olunmur. Çünki dinin belə bir tövsiyəsi yoxdur.

İlin başlanğıcı sadəcə təqdim dəyişməsi olaraq adi hal qəbul edilir.

Xristianlıqda isə İsa peyğəmbərin təvəllüdü ilin başlanğıcına təvafüq etdiyi üçün Mövlud Bayramı eyni zamanda yeni il bayramı kimi təntənəli qeyd edilir. İslam dinində peyğəmbərlərin doğumunu qeyd etmək ənənəsi və tövsiyəsi yoxdur. Bəlkə də, bu dinimizin müqəddəs insanları ilahiləşdirməkdən qaçmaları üçündür. Xristianlıqda isə İsa peyğəmbər ilahiləşdirilib, bir növü tanrı olaraq qəbul edilir”.

Bunu Yeni il ritualları ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, qədim Roma dövründə yeni ildə müxtəlif şənliklər, ictimai tədbirlər zamanı küknar (yolka) ağacı bəzədilirdi:

“Bunun onlara da qədim Misir və ya Çindən keçməsi haqda mülahizələr var. Hər halda sonralar küknar ağacını bəzəmək ənənəsi İsa peyğəmbərin mövludu ilə əlaqələndirildi. Belə ki, xristian inancına görə yeni doğulmuş Peyğəmbəri anası Məryəm bu ağacın altında mühafizə etmişdir.

Lakin İslamda qəbul edilən ənənəvi inanc budur ki, sözü gedən ağac xurma ağacı olub, hətta Məryəm ana İsaya süd vermək üçün bu ağacın meyvəsindən qidalanıb.

Praktiki baxımdan uyğun olan fikir də budur. Çünki İsanın doğulduğu coğrafiyada küknar yox, xurma ağacı daha çox yayqındır və küknarın qida kimi qəbul ediləcək meyvəsi də yoxdur.

Ola bilsin, Romada bu ağacın bayramlarda bəzədilərək ənənəvi şəkildə istifadə edilməsi sonralar İsanın mövludu ilə əlaqələndirilib ki, dini cəhətdən də əsası olsun. Lakin heç bir səmavi din ağacların bütləşdirilməsini qəbul etmir”.

Dinlər insana dəyər verməyi vacib sayır.

Müsahibimiz qeyd edib ki, ağacların, bitkilərin deyil, insanların bəzədilməsi dinlərdə ön plana çəkilir:

“Həmçinin ilkin yarandığı dövrdə həm xristianlıq, həm də İslam bütpərəstliyin əleyhinə mövqe tutub. Çox təəssüf ki, hazırda demək olar ki, bütün xristian ölkələrində bu ağacın bütləşdirilməsini görürük və müsəlmanlara sözügedən adət buradan keçib.

Ancaq İslam ənənəsində küknar ağacı bəzəmək deyə bir buyruq yoxdur. Çünki bu da bütpərəstliyin bir növüdür. Sanki insanlar 10 gün, 1 ay bu ağacı bəzəyib ona ibadət edirlər, başına dolanırlar, yeni ildə  ondan ruzi, bərəkət umurlar. Ancaq  dinimizə görə insan yalnız Allahdan mədəd ummalı daşdan, ağacdan ruzi, xeyir ummamalıdır”.

Çar Rusiyasından gələn ənənə

Tural İrfan bildirib ki, əsasən Çar Rusiyası və Sovet dövründə bu ideoloji təbliğat hesabına bizdə də “yolka” bəzəmək dəb halını alıb:

“Hansı ki, vaxtilə Novruz bayramı, ocaq qalamaq, səməni qoymaq qadağan edilib, lakin "yolka" bəzəmək məqbul sayılıb. Ümumiyyətlə, istənilən kənar adəti mənimsəmək doğru deyil.

Əgər kimsə qəbul etsə belə, ifrata varmaq olmaz. Hər il biznesə çevrilən küknar bəzəmək adəti kasıb insanların maddi vəziyyətini bayram ərəfəsində dözülməz edir. Çünki uşaqlar "adət"ə uyğun olaraq tələb edir, valideyn də məcbur olur alır. İşbazlar, inhisarçılıqla məşğul olanlar da həddən artıq baha qiymətlərə bəzənmiş süni küknar ağacı satırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni ildə yolka bəzəmək adətinin TARİXÇƏSİ – Bu ənənə ilk dəfə harada YARANIB?


 "Yolka" ağacının bəzi inanclara görə bədbəxtlik gətirdiyinə inanılır.

Belə ki, qısır (yeməli barı olmayan) və həmişəyaşıl ağaclar özləri kimi də qısırlıq enerjisi ötürür.

Özünü sevən, eqoist ağaclar kimi qəbul edilir. Əsasən bu ağac məzarlıqlara, yoxdan qorunmaq üçün yol kənarlarına əkilir.Ona görə də şam və ya küknar ağacı heç zaman müsbət aura yarada bilməz. Bu sadəcə tarixi xristian ənənəsindən gəlib. Yoxsa xalqımızın milli adətlərinə tamamilə yaddır.

Bəziləri radikal mövqe tutaraq küknar bəzəyənləri müsəlman hesab etmir, yaxud Allaha şərik qoşmaqda ittiham edirlər. Bu da doğru deyil. Çünki qeyd etdiymiz kimi bu şirk və küfr yox, sadəcə xurafatdır, yadelli istismarçıların gətirdiyi, özlərinə xas adətdir, bəlkə də o dövrü üçün siyasi, ideoloji təbliğat vasitəsidir. Lakin indi yeni ildə bunu bəzəyib bayram qeyd edən insanlar üçün artıq sanki milliləşmiş bayram ənənəsidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO