Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə istintaqı başlayıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas mübahisəli məsələlərin müzakirəsi ilə başlayıb.
Bu iş üzrə-Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir. Onlar üçü də azadlıqdadır.
Hakim Leyla Əsgərova-Məmmədova ittihamın elanından əvvəl iş üzrə iki zərərçəkmiş tərəfindən daxil olmuş müraciəti elan edib. Həmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş qismində iştirakdan imtina etmək istədiklərini deyiblər. Yazırlar ki, onlar yanğında yüngül xəsarət alasalar da burada Mərkəzin direktoru və digər müttəhimlərin günahı yoxdur.
Prokuror Orxan Səmədov isə zərərçəkmişlərin müraciətlərinin qəbul olunmaz hesab edib:
“Bu adamlar ibtidai istintaq zamanı ifadə verib, hadisədən zərər çəkdiklərini etiraf ediblər. İndi də çıxıb “yox, zərərçəkməmişik” demələri başadüşülən deyil. Konkret olaraq deyə bilərəm ki, onların zərərçəkmiş statusuna xitam verilməsi qanunsuz olar”-, prokuror əlavə edib.
İttiham tərəfininin qəti mövqeyi Mehriban Abbasquliyevanın vəkili Muxtar Mustafayevi qıcıqlandırıb. Vəkil Cinayət Məcəlləsinə istinad edərək ittihamçının düzgün mövqedə olmadığını bildirib: “Adam deyir ki, mən zərər çəkməmişəm. Zorla tutub zərərçəkmiş edəcəksiz. Cinayət Məcəlləsində də statusdan imtina edə biləcəkləri yazılıb. Novelladır bu?”-vəkil deyib.
Məhkəmə yerində müşavirə edərək müraciətlərin təmin edilmədiyini bəyan edib. Hakim qeyd edib ki, cinayət işi araşdırılmadan bu məsələyə münasiibət bildirmək düzgün deyil.
Mehriban Abbasquliyeva iclasdan əvvəl məhkəməyə Mərkəzdə baş verən yanğının videosunu və şəkillər təqdim edib. Həmin kadrlarda yanğının necə başladığı və personalın hərəkəti görünür.
Abbasquliyevanın vəkili iddia edir ki, yanğının baş verməsində persinalın da günahı var. Amma prokurorluqda buna baxılamayıb.
Vəsatət işə əlavə edilib. Prosesin davamında ittiham aktı elan edilib.
İttihamda deyilir ki, Mehriban Abbasquliyeva özünü yuxarı rəhbərliyin gözündə qaldırmaq üçün qulluq mənafeyindən sui-istifadə edib.
Mərkəzdəki qanunsuzluqlar özünü bir neçə formada göstərir.
İstintaq materiallarında yazır ki, növbə üzrə tibb bacılarının sayı 10-20 nəfər olduğu halda cəmi 2 nəfər olub. Bundan başqa reanimasiya masası 20-40 aralığında olmalı olduğu halda cəmi 10-22 olub. Bu da tibb cihazlarının xəstə sayından xeyli azdır.
Ən əsası yenidoğulmuşlar üçün palatada nəzərdə tutulandan artıq körpə saxlanılıb. Pasient qəbulunun iki dəfədən artıq olması da səhiyyə sisteminə məhəl qoymamaq kimi qiymətləndirilib.
İşdə önəmli məqam isə başqa məsələdir. Araşdırma nəticəsində məlub olub ki, dəhşətli yanğından cəmi 7 ay əvvəl Perinetal Mərkəzin xəstələrin saxlanıldığı doğum şöbəsinin sanitar qovşağında yanğın baş veribmiş.
Amma həmin vaxt üzərinə yanğın təhlükəsizliyi vəzifəsi qoyulduğu halda buna məhəl qoymayıb. Yanğının üstü ört-basdır edilib, nəzarətedici qurumlara məlumat verilməyib.
Bununla da gələcəkdə baş verəcək anoloji hadisələrin qarşısı alınmayıb, bir neçə ay sonra bir neçə körpənin ölümü ilə nəticələnən faciə baş verib.
Yanğın nəticəsində Mərkəzin 177 min manatlıq avadanlıqlarına ziyan dəyib. Bu əməllərinə görə müttəhimlər ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarını pozma-ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayətlərini törədiblər.
Mehriban Abbasquliyeva və digər iki təqsirləndirilən ittihama münasibətdə özlərini təqsirli bilməyiblər.
Proses yanvarın 13-də davam edəcək.
Bizim.Media