Ötən gündən başlayaraq Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şimal-qərb bölgəsində artıq iki gündür havanın temperaturu kəskin dəyişib. Ötən gün qismən buludlu və yağmurlu idisə bu gecə səhərə kimi bölgə rayonlarında leysan müşahidə olunub.
Əgər əvvəlki günlər bölgə rayonlarında temperatur 16-18 dərəcə idisə, bu gün dağlıq və dağətəyi kəndlərdə havanın temperaturu 4-6 dərəcə, aran ərazilərdə isə 5-8 dərəcə arasında dəyişir.
Böyük Qafqazın cənub yamacları boyu uzanan bölgənin əksər yüksək dağlıq ərazilərinə sulu qar və qar yağıb. Hazırda leysan yağışlarına ara verilsə də narın yağış davam edir.
Kənd təsərrüfatı mütəxəssisləri belə yağışların payızlıq əkinlər üçün mühüm əhəmiyyət daşıdığını, əkilən dənin yetişməsinə zəmin yaratdığını bildirir.
Bölgədə belə hava şəraitinin qarşıdakı iki gündə də davam edəcəyi bildirilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu