BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr

222329

1991-ci ilin bu günündə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv olunub. Ali Sovet keçmiş DQMV-nin mərkəzi şəhəri Stepanakertin adının dəyişdirilərək Xankəndi adlandırılması, habelə Mardakert və Martuninin tarixi adlarının (Ağdərə və Xocavənd) bərpası barədə qanun qəbul edib. Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun ərazisi Xocavənd rayonunun, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib. Ali Sovetin həmin iclasında parlamentin daimi fəaliyyət göstərəcək orqanının - Milli Şuranın yaradılması barədə də qərar qəbul olunub.

Bəs, noyabrın 26-da dünyada daha hansı hadisələr baş verib?

1. 1394-cü ilin 26 noyabrındə Seul Koreyanın paytaxtı elan edilib. Əhalisi 10 milyondan çox, ərazisi 605 kvadratkilometrdir. Şəhər Şərqi Asiyanın aparıcı maliyyə mərkəzlərindən biridir. 1988-ci ildə Seulda XX Yay Olimpiya Oyunları, 2002-ci ildə isə futbol üzrə dünya çempionatı keçirilib.

2. 1812-ci ildə Fransa imperatoru Napoleon Bonapartın Rusiyaya hərbi səfəri müvəffəqiyyətsizliklə nəticələndi. İmperiyanın Moskvaya qədər irəliləyən ordusu noyabrın 26-sından böyük itkilərə məruz qalaraq Rusiyadan geri çəkilməyə başladı.

3. 26 noyabr Monqolustanın milli bayramı – müstəqillik günüdür. 1924-cü ilin bu günü Böyük Xalq Xuralı, yəni ölkə parlamenti Monqolustanı xalq respublikası elan etdi. Elə həmin gün yeni dövlətin ilk konstitusiyası qəbul olundu.    

4. Faşist Almaniyası ordusuna qarşı Stalinqrad müdafiəsindən sonra 1942-ci ilin 26 noyabrında Sovet əsgərləri qarşı hücuma keçdi. Beləliklə, Stalinqrad döyüşü İkinci Dünya Müharibəsində Almaniyanın hərbi üstünlüyünə son qoydu. 

5. 1943-cü il 26 noyabrda episentri Tosya və Ladik olan 7,2 bal gücündəki zəlzələ Türkiyənin Amasiya, Çorum, Samsun, Tokat, Ordu və Kastamonu rayonlarını titrətdi: 4 mindən çox adam həyatını itirdi, təxminən 25 min tikili ziyana uğradı.

6. ABŞ hökuməti 1962-ci ilin 26 noyabrında "Kuba mərmi böhranı" ilə əlaqədar SSRİ-yə verdiyi vədinə görə Türkiyədə olan “Jupiter” raketlərini sökmə qərarı aldı.

7. Türkiyənin diplomatik səyləri nəticəsində 1993-cü il 26 noyabrda Almaniya PKK-nı terror təşkilatı elan etdi və onun ölkədəki bütün tərəfdaş qurumlarını da bağladı.

8. 26 noyabr 1994-cü ildə Beynəlxalq İnformasiya Günü təsis olunub. Bu gün hazırda bir çox ölkələrdə qeyd edilir.

26 noyabrda həm də tarixdə bu şəxsiyyətlər xatırlanır:

1. Bu gün məşhur polyak şairi Adam Mitskeviçin xatirə günüdür.  26 yaşında (1824) çar hökuməti tərəfindən sürgün edilən və 5 il (1829) Rusiyada yaşamağa məcbur olan A.Mitskeviçin poeziyası Polşa Milli Azadlıq hərəkatına güclü təsir göstərib.  Polyak şair 1855-ci ilin bu günü 57 yaşında İstanbulda vəfat edib, amma Krakovda dəfn olunub. (1798-1855)

2. 26 noyabr Azərbaycanda coğrafiya üzrə tədris metodikasının əsasını qoyan, Azərbaycan dilində ilk coğrafiya dərsliklərini hazırlayan Qafur Rəşad Mirzəzadənin xatirə günüdür. Alimin həm də dilçiliyə dair əsərləri və uşaqlar üçün yazdığı hekayələri var. (1884-1943)

3. Amerika alimi, kibernetika elminin banisi Norbert Viner 1894-cü ilin bu günü anadan olub. 18 yaşında ikən Harvard Universitetinin fəlsəfə doktoru olan Norbertin elmi əsərləri riyazi məntiq, funksional təhlil, ehtimal nəzəriyyəsi, Furye sıraları və çevirmələri, ümumi harmonik analiz, hesablama texnikası və nəzəri fizikaya aiddir.Kibernetikanın vahid elm kimi formalaşmasında Norbert Vinerin əvəzsiz xidməti var. (1894-1964)

4. Tanınmış rus tədqiqatçısı İvan Papanin 1894-cü il 26 noyabrda dünyaya gəlib. 1932-1933-cü illərdə Frans-İosif Torpağı arxipelaqında və 1934-1935-ci illərdə Çelyuskin burnunda yerləşən qütb stansiyalarına, 1937-1938-ci illərdə ilk “Üzən Şimal qütbü” stansiyasına rəhbərlik edən İ.Papaninin tədqiqatları da əsasən şimal qütbü ilə bağlıdır. 1937 və 1940-cı illərdə alim iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. (1894-1963)

5. 26 noyabr 1927- ci ildə  dilçi-türkoloq, professor, Əməkdar elm xadimi Həsən Mirzəyev (1927–2015) Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub.

6. 26 noyabr 1928-ci ildə Əməkdar artist Müxlis Cənizadə (1928 – 11.12.1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

7. 26 noyabr 1937-ci ildə şair, aşıq Mirzə Bilal Mikayılov (1872–1937) repressiya edilərək güllələnib. Ağsu rayonunda Qəşəd kəndində anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO