Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.
Bizim.Media xəbər verir ki, anım mərasimində əvvəlcə türk xalqının böyük xilaskar oğlu Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya abidə önünə əklil qoyub.
Dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındaki hərbi ataşşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli vətəndaşlar və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri düzüb, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.
Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, çıxışlarda Mustafa Kamal Atatürkün həyatı və hərbi-siyasi fəaliyyətindən bəhs olunub, videoçarxlar nümayiş etdirilib.
Bizim.Media