Bakıda 8 Noyabr prospektində inşa olunan Zəfər Parkının tikintisi sürətlə davam edir.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər sosial şəbəkələrdə yayılıb.
8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.
Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.
Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlanıb və tikinti işlərinə başlanılıb.
Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Bizim.Media