Bir çox valideyn övladını dərslərdən əlavə məşğələ və hazırlıqlara da qoyur. Məsələn, tez-tez azyaşlıların rəsm, musiqi, idman və s sahələrdə uğurlarına şahid oluruq. Onların belə məşğələlərə getmələri, hobbi qazanmaqları şəxsi bacarıqlarına, gələcəklərinə xüsusi təsir edir.
Amma dərs yükü ilə bərabər, azyaşlıların həm də əlavə məşğələlərə getməsi onları yormurmu?
MÖVZU İLƏ BAĞLI:
Adı olub, özü olmayan məktəb psixoloqları - “Direktorlar onlara başqa iş tapşırır”
Psixoloq Ofelya Məmmədova Bizim.Media-ya açıqlamasında qeyd edib ki, yalnız dərs yükü uşağın mənəvi cəhətdən yorulmasına gətirib çıxarır, 7-8 ci siniflərdə artıq uşaqlar dərsdən yayınır və davranış pozuntuları üzə çıxmağa başlayır:
“Mütləq hər bir uşağın maraqlandığı, dərsdən kənar bir hobbisi olur. Valideyinlər uşağın psixologiyasına uyğun olaraq onları boş zamanına uyğun əlavə məşğələlərə yönəldə bilər”.
Müsahibimiz bəzi valideynlərin bunu vaxt itkisi kimi görməsinə də münasibət bildirib:
“Valideynlər bunu bəzən vaxt itkisi hesab edirlər. Lakin idman, musiqi, rəqs, rəsm kimi dərnəklər uşaqların sağlam inkişafına yönəlmiş fəaliyyət növü olmaqla yanaşı, onların psixoloji və sosial həyat inkişafını sürətləndirir, psixologiyalarına müsbət təsir göstərir”.
Bu hobbilərin təsiri sahədən asılı olaraq necə dəyişir?
Psixoloq ilk olaraq idman sahəsinin təsiri barədə danışıb:
“Müxtəlif növ idmanların uşaq və yeniyetmələrə bir sıra faydaları var. Fərdi idman növləri uşaqların özgüvən hisslərini, şəxsi problemlərini həll edə bilmə qabiliyyətini artırır, kollektiv idman növləri isə sağlam rəqabət mühiti yaradır. Onlar zamanlarından doğru istifadə etməyi öyrənirlər.
Rəsm uşaqlar üçün bir növ özünü ifadə etmə formasıdır. Rəsm çəkmək uşaq üzərində sağ və sol beynin birlikdə çalışması, diqqətinin mərkəzləşməsi və özünə inam hisslərinin formalaşması kimi bir çox müsbət yöndə təsirlər yaradır. Rəsm uşaqlar üçün anlama bacarığının və yaradıcı gücünün ortaya çıxarılmasına kömək edir.
Musiqi uşaqları mənəvi cəhətcə zənginləşdirməklə yanaşı, onların fiziki və intellektual inkişafında, sağlamlığının qorunmasında da mühüm rol oynayır”.
Müsahiibimiz vurğulayıb ki, bu cür məşğuliyyətlər uşaqların psixologiyasına uyğun olaraq, düzgün yönləndirilərsə, nəyinki dərslərinə mane olur, əksinə daxili motivlərini artırırır, bacarıqları ilə yanaşı, güvən qazandırır:
“Bu da uşağın həm təhsildə, həm də gələcək kariyerasında uğur qazanmasına müsbət təsir göstərir. Hər bir uşağın özunəməxsus müsbət xüsusiyyətləri, dəyərləri vardır. Bu dəyərləri üzə çıxarıb, onlardan bir motivasiya kimi istifadə etməklə onun gələcəkdə uğur qazana bilməsinə şərait yarada bilərik”.
Nəzrin Mirzəyeva, Bizim.Media