Ağdamda yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.
Belə ki, əvvəllər inzibati bina olmuş, sonralar isə iki məcburi köçkün ailəsinin məskunlaşdığı tikilidə baş verən güclü yanğın şiddətli alovla müşahidə olunub.
Binada yaşayan sakinlər təxliyə edilsə də yaşayış yerində olan bütün əşya və sənədlər yanaraq yararsız hala düşüb.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib.
Alovun qarşısı alınaraq ətraf mühit oddan mühafizə olunub. Ev sahibləri yanğına səbəbin qısaqapanma olduğunu ehtimal edir.
Qeyd edək ki, yanğın hadisəsi iki ailənin evsiz qalması ilə nəticələnib.
Faktla bağlı araşdırma başlanılıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu