Oktyabrın 22-si Bakıya yağan yağış bir sıra fəsadlara və faciəyə səbəb olub. Belə ki, Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb və paytaxtın bəzi ərazilərində evləri su basıb, yollar bağlanıb.
Yaranan problemlərlə bağlı jurnalistlərə açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bunu təbii fəlakət adlandırıb. O, yağışın normadan artıq yağdığını qeyd edib.
Bəs həqiqətən yağış normadan artıq yağıb, yoxsa paytaxtda yollar, körpülər, tunellər tikilərkən bu cür təbiət hadisələri nəzərə alınmayıb?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekoloq Telman Zeynallı deyib ki, qışa doğru getdiyimiz üçün bu, təbii haldır:
MÖVZU İLƏ BAĞLI:
İqlim dəyişikliyinin FƏSADLARI – Hansı ölkələr güclü yağışlar qarşısında ƏLACSIZ QALIB? –ARAŞDIRMA
“Şimal-qərbdən əsən küləklər yağıntıları gətirir. 10 ildi Azərbaycanda quraqlıq idi, indi yağıntılar çoxalıb, bu da o deməkdir ki, Azərbaycan su qıtlığı ilə üzləşməyəcək. Ona görə də tədbir görmək lazımdır. Yəni bundan sonra ola bilər ki, 10-20 il quraqlıq keçsin, amma yağan yağışı yığıb saxlayıb istifadə eləmək lazımdır”.
O, tikintilər zamanı təbiət hadisələrinin nəzərə alınıb alınmamasına isə belə münasibət bildirib:
“Qədimdə yağış suyunu toplayıb, balıq yetişdirməsində, suvarmada istifadə edirdilər. Hətta yağış suyu ilə çimirdilər. İndi heç ona fikir verən yoxdur. Bakıya cəmi iki gün yağış yağdı, rayonlara bundan dəfələrlə çox yağış yağır”.
Qeyd edək ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub.
Günay Şahmar, Bizim.Media