İnsanlar tez-tez mənəvi basqı, haqsızlıq və lüzumsuz vaxt itkisi ilə üzləşirlər. Üzləşilən bu vəziyyətlər hər bir insanın sağlamlığında və işgüzar həyatında ağır izlər buraxır. Belə vəizyyətdə insanlar ona dəyən mənəvi zərərə görə qarşı tərəfdən maddi təzminat tələb etmək hüququ qazanır.
Çox təəssüf ki, Azərbaycanda məhkəmələr mənəvi təzminat məsələsinə o qədər də önəm vermirlər. İlk növbədə, mənəvi zərərin sübutunu istəyirlər.
MÖVZU İLƏ BAĞLI:
MƏNƏVİ ZƏRƏR anlayışı – Azərbaycanda bununla bağlı neçə məhkəmə qərarı olub?
Buna səbəb nədir?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən hüquqşünas Aytac Qurbanova bildirib ki, mənəvi zərərin ödənilməsi məsələsi Azərbaycan Respublikasının hüquq sistemində vacib və eyni zamanda mürəkkəb bir mövzudur:
“Məhkəmələrin mənəvi təzminat iddialarına yanaşması bəzən müxtəlif ola bilir və bu sahədə qanunvericiliyin incəliklərini nəzərdən keçirmək lazımdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, mənəvi zərərin ödənilməsi yalnız konkret şərtlər çərçivəsində mümkündür və bu sahədə bəzi məhdudiyyətlər mövcuddur. Mülki Məcəllənin 21-ci və 23-cü maddələri mənəvi zərərin ödənilməsi qaydalarını müəyyən edir. Həmin maddələrə görə, mənəvi zərər yalnız şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzuna dəymiş zərər hallarında tanınır.
Mənəvi zərərin ödənilməsi, xüsusilə də qeyri-maddi nemətlərə zərər dəydikdə və şəxsin ləyaqəti təhqir olunduqda mümkündür. Lakin praktiki baxımdan məhkəmələrdə bu zərərin dəlilləndirilməsi və miqdarının müəyyən edilməsi çətin olur.
Mülki Məcəlləyə görə, mənəvi zərərin ödənilməsi üçün zərərçəkən şəxsə fiziki və mənəvi əzablar verən, onun şəxsi hüquqlarına ciddi müdaxilə edən hərəkətlərin sübuta yetirilməsi vacibdir. Burada əsas məsələ hüquq pozuntusunun nəticəsində şəxsin mənəvi əzab çəkməsi faktının sübut edilməsidir. Lakin məhkəmələr çox zaman mənəvi zərərin miqdarını müəyyən etməkdə tərəddüdlər yaşayıb və mənəvi təzminat tələbini qəbul etmir”.
İddiaçıların hüquqlarının tam təmin olunmasına nə mane olur?
Müsahibimiz onu da əlavə edib ki, Azərbaycan məhkəmə təcrübəsində mənəvi zərərin ödənilməsi ilə bağlı işlərə baxdıqda, çox zaman bu iddiaların yalnız qismən təmin edildiyini görürük:
“Məhkəmələr mənəvi təzminat məsələsində adətən yalnız müəyyən hallarda və simvolik məbləğlərlə qərar verir. Bu, iddiaçıların hüquqlarının tam təmin edilməsinə mane olur. Məsələn, bir sıra məhkəmə işlərində mənəvi təzminatın yalnız bir hissəsinin təmin edildiyi və bu məbləğin simvolik olduğu görünür. Belə vəziyyətlərdə məhkəmələr adətən mənəvi zərərin miqdarını sübut edən əsaslı dəlillər tələb edir.
Məhkəmə təcrübəsi göstərir ki, müxtəlif işlərdə, o cümlədən şəxsi hüquqların pozulması və qeyri-maddi nemətlərə zərər vurulması hallarında mənəvi zərərin ödənilməsi ilə bağlı iddialar çox vaxt qismən təmin edilir. Bu təcrübə göstərir ki, məhkəmələr mənəvi zərərin sübutu məsələsinə xüsusilə həssas yanaşır və məbləğin təyin olunması üçün ciddi dəlillər tələb olunur. Bəzi hallarda məhkəmələr yalnız minimal məbləğlərlə təzminat verir ki, bu da mənəvi zərərin tam ödənilməsinə kifayət etmir.
Qanunvericiliyə görə, mənəvi zərərin ödənilməsi üçün əsaslı şərtlər aşağıdakı hallarda tətbiq edilir:
1. Şəxsə qarşı edilən qanunsuz hərəkət və ya hərəkətsizlik;
2. Qeyri-maddi nemətlərə və şəxsin şəxsi hüquqlarına toxunulması;
3. Fiziki və ya mənəvi əzabların mövcudluğu;
4. Şərəf, ləyaqət və işgüzar nüfuza zərər vurulması.
Beləliklə, məhkəmələrdə mənəvi zərərin sübuta yetirilməsi və miqdarının müəyyənləşdirilməsi hüquqi baxımdan çox həssas bir məsələdir. Hər bir halda diqqətli və əsaslandırılmış yanaşma tələb olunur, çünki mənəvi zərərin müəyyən edilməsi prosesində məhkəmələr daha çox konkret sübutlara əsaslanır”.
Surxay Atakişiyev, Bizim.Media