Koronavirus pandemiyası zamanı karantin qaydalarına əməl etməyənlər müxtəlif məbləğdə cərimə olunublar. Bəzi şəxslər cəriməni ödəsələr də hələ də dövlətə borcu olanlar var.
Cərimələnən şəxsləri cəriməni ödəmədiyi halda hansı məhdudiyyətlərin gözləyəcəyi də yaranan suallardandır. Çünki ara-sıra pandemiya cəriməsini ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacağı ilə bağlı fikirlər səslənməkdədir.
Bizim.Media qanunvericiliyə əsasən vətəndaşın ölkədən çıxışına qoyulan məhdudiyyət səbəblərini təqdim edir.
MÖVZU İLƏ BAĞLI:
Pandemiya cərimələri ləğv olunur? – MÜHÜM AÇIQLAMA
Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir.
Vətəndaş yalnız aşağıdakı borcları ödəmədikdə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər:
a) məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
b) Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
Qeyd edək ki, məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaş ölkədən çıxa bilməz.
Günay Şahmar, Bizim.Media