Dünyada insan resursları üzrə mütəxəssislər müəssisə və təşkilatlarda bir qayda olaraq aparıcı rola sahibdirlər. Onlar işəgötürmə, işçi münasibətlərinin idarə edilməsi, işçilərin inkişafı və hüquqlarının qorunması kimi mühüm vəzifələri yerinə yetirir. Ancaq ölkəmizdə əksər sahələrdə insan resursları üzrə mütəxəssislərin fəaliyyəti yalnız işçilərin işə qəbulunu təşkil etməkdən ibarətdir.
Ona görə də bu sahəyə maraq çox azdır. Halbuki, iş yerlərində əmək qanunvericiliyinə riayət olunmasını təmin etmək, işçilərin motivasiyasını artırmaq və təşkilatın strategiyalarına uyğun insan kapitalının inkişafına töhfə verməkdə İnsan resursları üzrə mütəxəssislərin rolu əvəzsizdir.
HR-ların fəaliyyəti niyə önəmlidir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova bildirib ki, texnologiyanın inkişafı sayəsində bəzi işəgötürənlər insan resursları üzrə mütəxəssislərin funksiyalarının avtomatlaşdırılması ilə onların əhəmiyyətinin azaldığını düşünürlər:
“Məsələn, işçilərin əmək haqqı hesablanması, məzuniyyətlərin idarə edilməsi və digər rutin proseslər artıq rəqəmsal həllərlə avtomatlaşdırıla bilər. Lakin bu yanaşma, insan resursları üzrə mütəxəssislərin strateji funksiyalarının tam dəyərləndirilməməsi ilə nəticələnir. İnsan resursları üzrə mütəxəssislərinin funksiyası yalnız inzibati işlərlə məhdudlaşmır.
Onlar işçi heyətinin idarə edilməsi, motivasiya proqramlarının qurulması, şirkət strategiyalarına uyğunlaşması və işçilərin hüquqlarının qorunması kimi vacib vəzifələri də icra edirlər. Bacarıqlı kadrların tapılması və onların işə cəlb edilməsi də bu mütəxəssislərin vəzifə saəlahiyyətinə aid məsələdir. Məhz bu səbəbdən, onların əhəmiyyəti texnoloji inkişaf fonunda belə qorunub saxlanmalıdır”.
Müsahibimiz hesab edir ki, insan resursları üzrə mütəxəssislərin rəqəmsallaşma dövründə rolu daha da artıb:
“Hazırda İnsan resursları üzrə mütəxəssislərin funksiyalarının bir çoxu rəqəmsallaşır. Məsələn, işə qəbul üçün müraciətlərin elektron şəkildə qəbul edilməsi, işçi məlumatlarının rəqəmsal bazada saxlanılması və işçi performanslarının analitik olaraq qiymətləndirilməsi artıq geniş istifadə olunan metodlardır.
Lakin HR-ların rolu yalnız bu texnoloji alətlərin tətbiqi ilə məhdudlaşmır. Onlar təşkilatların strateji inkişafında mühüm rol oynayırlar, çünki insan kapitalının idarə edilməsi şirkətin əsas uğur amillərindən biridir.
Texnologiya yalnız köməkçi vasitə kimi çıxış edir və HR-ların strateji rolu azalmaq əvəzinə, daha da genişlənir. Tədqiqatlar göstərir ki, rəqəmsallaşma proseslərində İnsan resursları üzrə mütəxəssislər işçilərin ehtiyaclarını daha yaxşı anlamağa və iş mühitini daha uyğun tərzdə inkişaf etdirməyə kömək edə bilirlər. Bu yanaşma, təşkilatın rəqabət qabiliyyətini artırmağa kömək edir”.
Surxay Atakişiyev, Bizim.Media