Ən böyük arzusu Xocalının qisasını almaq idi... – Vətən Müharibəsi Qəhrəmanının DÖYÜŞ YOLU – FOTO

Ən böyük arzusu Xocalının qisasını almaq idi... – Vətən Müharibəsi Qəhrəmanının DÖYÜŞ YOLU – FOTO

Hazırda oxunan: Ən böyük arzusu Xocalının qisasını almaq idi... – Vətən Müharibəsi Qəhrəmanının DÖYÜŞ YOLU – FOTO

214981

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərovun xatirəsi şəhadətə ucalmasının ildönümündə Biləsuvar şəhərində anılıb.

Biləsuvar şəhər məzarlığında 3 rəngli bayrağın kölgəsində uyuyan şəhidin ruhu yad edildikdən sonra yaşadığı evdə onun hərb yolunu əhatə edən muzey ziyarət olunub. 

Məzarı başında yad edilən qəhrəmanın həyat yoldaşı Nuranə Əkbərova deyir ki, ailəsinə kifayət qədər bağlı olan Orxan üçün Vətən anlayışı hər bir şeydən üstün idi.   

Qeyd edək ki, rxan Nadir oğlu Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olan Orxan 2002-ci ildən öz istəyi ilə cəbhə bölgəsində xidmətə başlayır. O, Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edir. 

Şəhidin qızı Sevil Əkbərova deyir ki, atam Böyük Qələbəmizin canlı şahidi olmasa da, mən hər dəfə məzarını ziyarət etmək üçün gedəndə ona deyirəm: 

“Ata Qarabağ azaddır”

Hərbi xidmətinin ən yüksək pilləsində N saylı hərbi hissənin komandiri olan Orxan Əkbərov torpaqlarımızın azad edilməsi uğrunda gedən ilk döyüşlərdə böyük şücaətlər göstərir, düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv edərək şəxsi şücaəti ilə fərqlənir. Onun ən böyük arzusu isə məhz Xocalının qisasını öz əlləri ilə almaq idi. 

Qəhrəmanın anası Sevil  Abdullazadə deyir ki, Orxan 10 yaşı olanda ermənilərin törətdiyi Xocalı soyqrımı məhz onun uşaqlıq illərinə hakim kəsilir. Özünə oyuncaq avtomat düzəldən balaca Orxan ermənilərdən qisas alacağını deyirmiş. Həmin vaxt Orxan Xocalı qətilamının videoyazılarına təkrar-təkrar baxırmış. 


Sevil ana deyir ki, məhz bu hadisə onun hərb peşəsini seçməsinə səbəb olub:


"Bir gün məni Orxanımın şəhid qanı düşən yerə apararsınız. Doyunca baxmaq istəyirəm o yerə. Vəsiyyəti bu idi ki, şəhid olsa, mən sadəcə "Vətən sağ olsun" deyim".

Orxan Əkbərov Füzuli istiqamətində gedən və düşmənin mənəvi cəhətdən darmadağın edildiyi ağır  döyüşdə də qəhrəmanlıq göstərir. Çətin relyefdə düşmənin hündürlükdə qurduğu istehkamlara hücum edən Orxan düşmən snayperinin qəfil açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olur. O, oktyabrın 6-da Biləsuvar şəhərində dəfn edilir.

Orxan Əkbərova bir sıra orden-medallarla bərabər ən yüksək mükafata - "Vətən Müharibəsi Qəhrəmanı" adına da layiq görülüb.














Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO