Azərbaycanın Baş naziri Əli Əsədov Belarusa rəsmi səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycanın belarus əsilli milli qəhrəmanı Anatoli Davidoviçin anası Kima Andreyevnanın yaşayışı, səhhəti ilə maraqlanıb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycanın Ali rəhbərliyi adından hədiyyələr və yardım milli qəhrəmanın anasına çatdırılıb.
Kima Andreyeva Azərbaycan xalqına, dövlətinə, Ali rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Anatoli Davidoviç 1965-ci ildə Belarus Respublikasının Slutsk şəhərində doğulub. 1992-ci ilin iyununadək SSRİ, sonra Rusiya Silahlı Qüvvəlarində xidmət edib. Mayor rütbəsinədək yüksələn Anatoli 1992-ci ilin iyunundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. O, N saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. Dərin biliyə malik olan belaruslu zabit Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsinə böyük töhfələr verib, topçu mütəxəssislər hazırlanmasında özünün bilik və təcrübəsini əsirgəməyib.
1992-ci il iyunun 9-da, Ağdam istiqamətində gedən ağır döyüşlərdə başından yaralanır. Həkimlərin səylərinə baxmayaraq 1992-ci il iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında dünyasını dəyişir. Onun qəbiri Belarus Respublikasının Sulutsk şəhərindədir.
Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bizim.Media