İş yoldaşını öldürməkdə təqsirli bilinən Eşlən Məmmədovun məhkəməsinin növbəti prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin həyat yoldaşı Kəmalə Məmmədova şahid qismində ifadə verib.
Şahid bildirib ki, hadisədən öncəki gün hər şey qaydasında olub:
"O hadisədən öncəki gecə yoldaşım evə gəlib məndən yemək istədi. Şam yeməyindən sonra ona bir neçə dəfə zəng gəlib. Ondan sonra mənə gəzməyə çıxdığını söylədi. Mən də yatmağa getdim. Təqribi saat 4-də ayıldım və yoldaşımın evdə olmadığını görərək ona zəng etdim. Mənə bildirdi ki, zavoddadır, işləyir. Söhbətimiz burada bitdi.
Təqribi saat 6 radələrində evə tələsik gəldi və dedi ki, "zavodun həyətində adam bıçaqlamışam gəl gedək mənə kömək et". Səbəbini soruşduqda söylədi ki, elə lazım idi. Elə həmin gün bir daha soruşdum. Bu dəfə onu ağır təhqir etdiyini, bu söyüşü qəbul edə bilmədiyini söylədi".
Şahid əlavə edib ki, zərərçəkmiş şəxsin xəstəxanaya çatdırılmasına yardım edib:
"Etibarı tanımırdım. Amma xəstəxanada axıra qədər yanında oldum. Daha sonra anası da gəldi. Mən son ana qədər yanlarından ayrılmadım. O, dünyasını dəyişdikdən sonra da evlərinə getmişəm, zəng etmişəm, amma ailəsi bizi görmək istəmədiklərini dedi. Daha sonra dedilər ki, “gəlməyin yanımıza”. Onları anlayıram.
Mən ilk dəfə yoldaşımı belə gördüm. Mənim yoldaşım günahsız deyil. O ən böyük günahı edib. Bir insanın həyatını alıb. Amma heç kim günahsız deyil".
Kəmalə Məmmədova əlavə edib ki, zavodla yaşayış ünvanları arasındakı məsafə qısa olub: "Yaşadığımız ev zavoddan 3 dəqiqə məsafədədir. Elə zavodun həyətində yaşayırdıq. Ona görə özümü hadisə yerinə tez çatdırdım”.
Zərərçəkmişin hüquqi varisi məlumatı qismən təsdiqləyib.
Həmin zavodda işləyən şahid Elçin Əhmədov ifadəsində bildirib ki, mübahisə zamanı hər ikisi içkili olub: "Mübahisə etdikləri gün Elşən çox içmişdi, Etibar isə o qədər də pis deyildi. Lakin ikisi də tam ayıq sayıla bilməzdi. Münaqişə Elşənin "Mir Mövsüm ağanı tanımıram" cümləsi ilə əlaqədar olub. Bunu mənə onlar dedi. Hətta Etibar əlavə etdi ki, Elşən heç öz atasına da hörmət etməyib. Nə mənada dediyini anlamadım. Orada iştirak etmirdim.
Etibar mənə dedi ki, “onu döyəcəm”. Mən də hər ikisinə dedim ki, Allah şeytana lənət eləsin, içkilisiz, sabah ayıq başla mübahisə edərsiniz. Amma dinləmədilər. Birlikdə söhbət edə-edə uzaqlaşdılar. Mən söyüş falan eşitmədim. Sadəcə Elşən demişdi ki, “o gəlsin, görüm ona nə edəcəm”. Anladım ki, dava edəcəklər. Üzərilərində bıçaq və ya başqa kəsici alət yox idi.
Mən onları bu söhbətdən sonra görmədim. Hadisə yerinə mühafizəçilərdən sonra getdim və gördüm ki, Etibar yerdə uzanıb".
İclas 11 oktyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, hadisə bu ilin aprelində Sabunçu rayonunda yerləşən Bakıxanov çörək zavodunda baş verib. Həmin müəssisədə çalışan Elşən Məmmədov münaqişə zəminində iş yoldaşı Etibar Salamzadəni bıçaqlayıb. Yaralı xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Selcan Zaurqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:18 / 20.09.2024
İş yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ - “Dedi ki, Mir Mövsüm ağanı tanımıram”
Hazırda oxunan: İş yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ - “Dedi ki, Mir Mövsüm ağanı tanımıram”
Hazırda oxunan: İş yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ - “Dedi ki, Mir Mövsüm ağanı tanımıram”
212368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.