Günü-gündən sayı artan XƏRÇƏNG xəstələri – Bu xəstəliyə niyə daha çox qadınlar TUTULUR?

Günü-gündən sayı artan XƏRÇƏNG xəstələri – Bu xəstəliyə niyə daha çox qadınlar TUTULUR?

Hazırda oxunan: Günü-gündən sayı artan XƏRÇƏNG xəstələri – Bu xəstəliyə niyə daha çox qadınlar TUTULUR?

210298

Azərbaycanda 2022-ci ildə onkoloji xəstələrin sayının 52,6 faizini qadınlar, 47,4 faizini isə kişilər təşkil edib. 2023-cü ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bədxassəli şişlə qeydiyyatda olan xəstələrin sayı 616 nəfər olub. Statistika Komitəsinin 2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 70 minə yaxın xərçəng xəstəsi var ki, onlardan 13 666 nəfəri keçən il qeydiyyata alınanlardır. 

“Xərçəngin qarşısını almaq mümkündür”

Rəqəmlərdən də göründüyü kimi Azərbaycanda onkoloji xəstələrin sayı kifayət qədər çoxdur. Bunun əsas səbəbi insanların ilkin müdaxilədən yayınması, sadəcə xəstəlik ağırlaşanda həkimə müraciət etmələridir. Amma dünya artıq bu məsələni həll edib. Ildə bir rutin check-up müayinələr aparılır.

Ən çox yayılmış şiş növləri ilə mübarizədə də çox effektiv yollar var. Azərbaycanda da ilkin müdaxilə üçün müayinələr aparılır. Amma insanların çoxu bu barədə məlumatlı deyil. Ona görə də, vaxtında xəstəliyi aradan qaldırmaq olmur, ağırlaşdıqca xərclər də çoxalır. Bu da çox insanın müalicəni davam etdirməsini çətinləşdirir.  

İlkin müayinələr

Onkoloq-mammoloq Afət Cəbrayılova Bizim.Media-ya danışıb ki, bədənin müxtəlif nahiyələrində bədxassəli şişin əlamətləri fərqlidir. Onun sözlərinə görə, əksər şişlərin isə ilkin mərhələdə heç bir əlaməti olmur. Ona görə də, bir yaşdan sonra mütləq vaxtında müayinələr etmək vacibdir. 

“Süd vəzi xərçənginin vaxtında müdaxiləsi üçün 38 yaşdan etibarən illik rutin momoqrafiya müayinə olunmalıdır və onkoloq-mammoloqun baxışı vacibdir. Ginekoloji şişlər üçün 30 yaşdan yuxarı hər bir qadın “Pap Smear” testini rutin olaraq verməlidir. Yoğun bağırsaq şişləri üçün 45 yaşdan etibarən kolonoskopiya testidir. Ailəvi xərçənglər isə ayrı yoxlanılır, onların daha fərqli müayinələri aparılır. Əgər ailədə şiş varsa, bu pasiyentlər risk qrupuna daxildir və mütləq bir onkoloqun nəzarətində olmalıdırlar. Ağciyər xərçənginin isə ilkin müayinəsi yoxdur”. 

Azərbaycanda ən çox diaqnoz qoyulan onkoloji xəstəlik döş xərçəngidir

Onkoloq-mammoloq bildirir ki, süd vəzisinin müayinəsinə qadınlar səthi yanaşır. Bu da ilkin müdaxilənin edilməsinə mane olur. 
 

“Qadınlar ultrasəs müayinəsindən keçərkən əlamətlər aşkarlanmadıqda “heç nə yoxdur” deyə düşünüb yalnış fikrə qapılırlar. Müayinəni həkim təyin etməlidir. Çünki elə xanım var ki, orda ultrasəslə kifayətlənmək olar, elə pasiyent də var ki, həm ultrasəs, həm MRT, həm monoqrafi olmalıdır. Eləsi də var ki, yalnız monoqrafi kifayət edir. Ona görə 25 yaşdan sonra mütləq şəkildə ildə bir dəfə süd vəzi müayinəsi vacibdir”.


Qeyd edək ki, 2023-cü ildə qeydə alınan 13,666 onkoloji xəstənin 7,224-ü qadındır. Döş xərçəngi ölkədə ən çox diaqnoz qoyulan onkoloji xəstəliklər sırasında birinci yerdədir (2023-cü ildə 2541 hal). Sonrakı yerlərdə traxeya, bronxlar və ağciyər xərçəngi (1461 hadisə), mədə xərçəngi (1363 hal), düz bağırsaq xərçəngi (775 hadisə), qida borusu xərçəngi (504 hadisə) və sair gəlir. Ona görə də, ilkin müdaxilədən yayınmayaraq sağlamlığınızın qeydinə qalın. 

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO