Cəlilabadın Suluçeşmə kəndində yerli sakinlər həyətyanı sahələrini əsasən kaktus bitkiləri ilə hasarlayırlar. Kaktus hasarlarının istifadə olunmasının əsas səbəblərindən biri, bu bitkilərin çox sıx tikanlı və davamlı olmasıdır. Bu xüsusiyyətləri onların həm insanlardan, həm də heyvanlardan müdafiə məqsədilə istifadə edilməsinə imkan verir.
Yerli sakinlərin dediyinə görə, ötən əsrin 70-ci illərində bu bitki tədricən kənddə yayılmağa başlayıb.
Bağban-mütəxəssis Malik Hüseynov Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyir ki, kaktus Cənubi Amerika mənşəli bitkidir, bizdə isə bölgənin quraq iqlim şəraitinə yaxşı uyğunlaşdığı üçün sürətlə arta bilir:
“Həmçinin minimal suvarma ilə yaşaya bilən bitki olduğu üçün çox dözümlüdür”.
Kənd sakini və uzun illər həkim olaraq çalışmış Ataxan Mənsimov isə kaktusun meyvəsinin hətta şəkər xəstəliyinə müsbət təsir etdiyini bildirir:
"Sentyabrın ortalarında kəndə hətta Bakıdan şəkər xəstələri gəlir. Kaktusun meyvələrini elə burdaca yeyirlər. Həmin vaxt bu bitkinin meyvəsi incil kimi olur. Həmçinin çibana və bir sıra xəstəliklərə müsbət təsir göstərir."
Kənd sakini Həsən Əliyev deyir ki, o, öz yeni həyətyanı sahəsinin də hasarlarını kənd ənənəsinə uyğun olaraq, kaktusdan edəcək. Onu da əlavə edir ki, yerli sakinlər bu bitkiyə "maldili" də deyirlər.
"Çox tez böyüyən, yayılan bitkidir. Əkən kimi özü düz xətt boyunca artacaq. Deməli, kaktusları sıx-sıx əkməklə hasarın davamlılığı artırılır,zamanla kaktuslar bir-birinə sıx birləşərək təbii bir divar yaradırlar".
Qeyd edək ki, kaktuslar kəndin yerli ekologiyasına və gözəlliyinə özünəməxsus bir rəng qatır. Eyni zamanda kaktus hasarları, kəndə gələn qonaqlar üçün də maraqlı bir səyahətin əsasını təşkil edir.
Sabutay, Bizim.Media, Cənub bürosu