Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən həm 9-cu, həm də 11-ci sinifdə keçirilən buraxılış imtahanlarına xarici dil üzrə müxtəlif mövzularda dinləmə mətnləri salınır. Şagirdlər səsləndirilən mətnə qulaq asıb, imtahan kağızındakı müvafiq sualları cavablandırmağa çalışırlar. Ancaq bir çox şagird şikayət edir ki, onlar 9-cu sinifə qədər məktəblərində dinləmə mətniylə tanış olmadıqları, halda bu tip suallar imtahana salınır.
Belə ki, dərsliklərdə dinləmə materialları olsa da, buna qulaq asmaq üçün hər məktəbdə lazımi şərait yoxdur. Bəzi məktəblərdə xüsusi linqafon otaqları olsa da, bu otaqlardan istifadə edilmir. Buna görə də əksər müəllimlər öz vəsaitləri hesabına, yəni telefon, səsucaldıcı və s. qurğularla dinləmə materiallarını şagirdlərə çatdırmağa çalışırlar.
Amma nəzərə almaq lazımdır ki, hər müəllim bunu etmir, ya da edə bilmir. Bu da çox sayda şagirdin imtahan nəticəsinə və gələcəyinə birbaşa təsir edir.
MÖVZU İLƏ BAĞLI:
Ali məktəblərdə V qrup üzrə plan yerləri dolmayan ixtisaslar hansılardır?
“Dinləmə mətninə ilk dəfə 9-cu sinifdə qulaq asmışıq”
125 nömrəli tam orta məktəbin şagirdlərindən biri Bizim.Media-ya açıqlamasında bildirir ki, onlar dinləmə mətninə ilk dəfə 9-cu sinifdə qulaq asıblar.
“Bəzən müəllimlər telefonları vasitəsilə dinləmə mətnlərini təqdim etsələr də, bu, effekiv deyildi. Çünki böyük otaqda telefonun səsi o qədər də eşidilmirdi. Buna görə də belə dinləmələrə ya hazırlıqlarda, ya da internet vasitəsilə qulaq asmağa çalışırdıq.
Təbii ki, dinləmə suallarını düz cavablandırmaq bizim üçün önəmlidir. Ancaq 9-cu sinifə qədər bununla bağlı heç bir məlumatımız yox idi. 9-cu sinifdə də məktəbdə bununla bağlı lazımi tədbir görülmədi. Buna görə də biz bunun üçün hazırlığa getməyə ehtiyac duyurduq”.
Şagird qeyd edib ki, müəllimlər heç vaxt onları linqafon otaqlarına aparmayıblar. Ona görə də, məktəblərində belə otaqların mövcud olmadığını düşünür.
“İmtahanlara dinləmə suallarının salınması qəbuledilməzdir”.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Vüsal Kərimli də bir çox məktəbdə linqafon otaqlarının olmadığını təsdiqləyib:
“Düşünürəm ki, aşağı siniflərdən başlayaraq dinləmələrin tətbiq edilməsi önəmlidir. Lakin dinləmə imkanları məhdud olduğu üçün imtahanlara dinləmə mətnlərinin salınması qəbuledilməzdir. Bu vəziyyət abituriyentlərin imtahanlardakı dinləmə mətnlərinə repetitor vasitəsilə hazırlaşmalarına gətirib çıxarır.
Orta məktəblərdə bununla bağlı problemlər var və bu, ciddi şəkildə araşdırılmalıdır. Ümumilikdə isə 99% şagird DİM-in formalaşdırdığı imtahan formasına hazırlaşmaq üçün repetitor yanına gedir”.
Çözüm nədir?
Göründüyü kimi, müvafiq şərait yaradılmadığı üçün xeyli sayda şagird onlara tədris olunmayan dinləmə mətnləri ilə bağlı sualları imtahanda cavablandırmağa məcbur olurlar. Belə olan halda isə problemdən iki çıxış yolu görünür. Ya dinləmə sualları buraxılış imtahanlarından çıxarılmalıdır, ya da ən qısa zamanda bütün məktəblərdə linqafon otaqları yaradılmalıdır.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mövqeyini dərc etməyə hazırıq.
Nəzrin Mirzəyeva, Bizim.Media