Dairəsinin lider xanımları... - İlk dəfə seçilirlər – FOTO

Dairəsinin lider xanımları... - İlk dəfə seçilirlər – FOTO

Hazırda oxunan: Dairəsinin lider xanımları... - İlk dəfə seçilirlər – FOTO

209572

Xəbər verdiyimiz kimi, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, nəticələr seçki məntəqələrinin 91 faizini təşkil edib ki, bu da məsələnin böyük ölçüdə həlli deməkdir.

Açıqlanan lider namizədlər arasında ilk dəfə deputatlığa namizəd olan və seçilən xanımların da adına rast gəlmək mümkündür.

Bunlardan biri 13 saylı Xəzər İkinci Seçki Dairəsindən lider olan Paşayeva Gülşən Məmmədəli qızıdır. O, ilkin nəticələrə görə seçicilərin 48.5 faizinin səsini qazanıb.

Gülşən Məmmədəli qızı Paşayeva 1 avqust 1961-ci ildə Bakıda anadan olub. O, 2009-cu ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyib, iki il sonra mərkəzə direktor müavini təyin olunub.

2018-ci ildən Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan Gülşən Paşayeva bir il sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib. G.Paşayeva 2018-ci ildə eyni gündə həm atasını, həm də anasını itirmişdi.


Öz dairəsində lider olan xanımlardan biri də Günay Əfəndiyevadır. 14 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən namizədliyini irəli sürmüş xanım Əfəndiyeva 49.5 faiz səs toplayıb.

Günay Əfəndiyeva Baş nazirin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır. O, əvvəlcə Bülbül adına musiqi məktəbini bitirib, daha sonra Azərbaycan Tibb İnstitutunda təhsil alıb. 2004-cü ildə Azərbaycanın İstanbuldakı Konsulluğunda işə qəbul edilib və bununla da G.Əfəndiyevanın diplomat karyerası başlayıb. Günay Əfəndiyeva 4 il (2004-2008-ci illər) Azərbaycanın İstanbuldakı Konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb. O, daha sonra Azərbaycana qayıdıb və 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.


Pərvanə Vəliyeva da ictimaiyyət üçün yeni simadır. Onun namizədliyi 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən irəli sürülüb və açıqlanan ilkin nəticələrə görə, 72.8 faiz səs toplayıb.

1990-cı il təvəllüdlü Pərvanə Vəliyeva 2007-ci ildə qəbul imtahanı üzrə 667.50 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Menecement ixtisası üzrə təhsil alıb. Seçkiyə qədər ictimai birlik sədri olub və eyni zamanda COP29 Təşkilat Komitəsinin üzvüdür.


44 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Mehriban Vəliyeva ictimaiyyət üçün tanış sima olsa da, bu onun deputat kimi ilk sınağı olacaq. O, seçicilərin 36.5 faizinin etimadını qazanıb.

M.Vəliyeva bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilmişdi.


45 saylı Sumqayıt Dördüncü Seçki Dairəsinin lideri isə Səbinə Salmanovadır.

O da yeni simadır və daha öncə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri vəzifəsində çalışıb.


YAP tərəfindən namizədliyi irəli sürülən Elnarə Akimova da 46 saylı Sumqayıt Beşinci Seçki Dairəsində liderdir.

Filologiya elmləri doktoru olan E.Akimova Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlkin nəticələrə görə, o, seçicilərin 62.8 faizinin etimadını qazanıb.


48 saylı Abşeron Birinci Seçki Dairəsindən isə Nigar Məmmədova liderdir.

O, namizədliyi irəli sürülənədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb. Seçkilərdə 61.6 faiz səs toplayıb.


65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin lideri Günay Ağamalı isə sabiq millət vəkili Fəzail Ağamalının qızıdır.

O, atasının sədri olduğu Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir. Günay Ağamalıyeva daha öncə həm də özəl bağçaların birinə rəhbərlik etməsi ilə gündəmə gəlmişdi.


İlkin nəticələrə görə, 70 saylı Neftçala Seçki Dairəsinin lideri Tənzilə Rüstəmxanlı da ilk dəfə parlamentə deputat kimi getməyə çox yaxındır.

O, sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının həyat yoldaşıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO