Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, şəhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyun aparatlarında, kartinq, boulinq, leqo meydançası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.
Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.
Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların, həmçinin şəhidlərimizin övladlarının diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond uşaqlar üçün mütəmadi olaraq tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səylərini əsirgəmir.
Bizim.Media